AFFA Klublar Komitəsinin yeni sədri müəyyənləşib

AFFA Klublar Komitəsinin (KK) yeni sədri müəyyənləşib. Olimpsport.az xəbər verir ki, buna komitənin bu gün baş tutan iclasında aydınlıq gəlib.

 

“Boulevard Hotel Baku” otelində keçirilən toplantıda səsvermə jurnalistlər üçün açıq olub. Topaz Premyer Liqasında çıxış edən 8 klubun nümayəndəsinin iştirakı ilə keçirilən səsvermənin yekununda “Sumqayıt”ın prezidenti Kamran Quliyev KK-nın yeni sədri seçilib. O, bu vəzifədə AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovu əvəz edib. Quliyev 7 səslə buna layiq görülüb. “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl isə 1 səs toplayıb.

 

Qısa nitq söyləyən Fikrət Hüseynov təşəkkür edib və xələfinə uğurlar arzulayıb. Yeni sədr isə ümidləri doğrultmağa çalışacağını söyləyib: "Çox məsuliyyətli işdi. Mən sizlərdən biriyəm, hamımız futbol ailəsinin üzvüyük. Klublar Komitəsi bu vaxta qədər xeyirli qərarlar qəbul edib. İstəyirik ki, işimiz daha effektli olsun, klubların problemlərini yenə qaldıraq, həllinə nail olaq".

 

Qeyd edək ki, 2014-cü ilin dekabrından fəaliyyət göstərən AFFA Klublar Komitəsinə 2015-ci ildə “Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti Tuyqun Nadirov, 2016-cı ildə isə Fikrət Hüseynov rəhbərlik edib.

 

mənbə:apasport.z