"Portuqaliyada hakimliyin səviyyəsi dəhşətli dərəcədə aşağıdı” - Emin Mahmudov

“Boavişta”da stadionda atmosfer əla olur. Adətən 5-6 min azarkeş gəlir oyunlara. Güclü komandalarla oynayanda bu rəqəm 15 minə qədər arta bilər. “Benfika” ilə oyunda isə stadion tamamilə dolur”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov deyib.

 

Portuqaliyanın “Boavişta”klubunda çıxış edən həmyerlimiz Rusiya mətbuatının diqqət mərkəzindədir.

 

O, hazırda çıxış etdiyi ölkə və klub haqqında fikirlərini bölüşüb: “Əvvəllər məşqçi mənə şans vermirdi, ancaq indi hər şey dəyişib. O, (Migel Leal – baş məşqçi) çox yaxşı motivatordu, həmişə deyir ki, biz nə baş verməsindən asılı olmayaraq arzularımızın arxasınca getməyi bacarmalıyıq. Ancaq deyə bilmərəm ki, portuqaliyalı məşqçilər ruslardan üstündürlər. Hakimlər isə Rusiyada daha yaxşıdırlar. Burda adətən birtərəfli qərarlar verirlər. Hakimliyin səviyyəsi dəhşətli dərəcədə aşağıdı”.

 

Gənc futbolçu artıq dil öyrənməyə başladığını da qeyd edib: “Portuqal dilində hər şeyi tam başa düşməsəm də, komanda yoldaşlarım deyir ki, mən çox sürətlə dil öyrənirəm. Artıq fikrimi çatdıra bilirəm. Portunun mərkəzindən, sahilə yaxın bir yerdə yaşayıram. Şəhərin hər yerini gəzmişəm, bircə şərab zirzəmilərindən başqa. Çünki mən müsəlmanam və şərab içmirəm”.

 

Maraqlıdır ki, rus müxbirin komandanın ən hörmətli oyunçusu kimdi sualına cavab verən Emin belə oyunçulardan biri kimi millimizin digər üzvü Kamran Ağayevin də adını çəkib: “Komandanın ən hörmətli oyunçularından biri qapıçı Kamran Ağayevdir. O, Azərbaycan millisindən də komanda yoldaşımdı. Bundan əlavə mənə qol ötürməsini verən Şembri və Yuri Medeyruş da maraqlı adamlardı”.

mənbə:apasport.az