"Robert Prosineçki Azərbaycanda 1 nömrəli ulduzdu" - Ozobiç

“Milliyə çağırılmağım mənim futbolçu kimi güclənməyimin mükafatıdı. Mövsümün ilk yarısını çox yaxşı keçirdim”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç deyib.

 

Xorvatiya millisinə çağırılan 25 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.

 

O, yığmaya dəvət aldığına görə baş məşqçi Ante Çaçiçə təşəkkür edib: “Məni milliyə çağırdığına görə baş məşqçiyə minnətdaram. Onun etimadını doğrultmağa çalışacam. Bu, yığmaya dəvət alan hər bir futbolçu üçün yaxşı şansdı. Özümüzü göstərmək üçün əla imkan qazanmışıq. Milliyə çağırılan hər bir oyunçu bunu haqq edir”.

 

Bakını tərifləyən Ozobiç söhbət əsnasında həmyerlisi, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki barədə də danışıb: “Bakı, doğrudan da, möhtəşəm şəhərdi. Mən onu “Yeni Dubay” adlandırardım. Bakıda futbol infrastrukturuna da fikir verilir. Düzdü, stadionlara daha çox azarkeş gəlsəydi, lap yaxşı olardı. Düşünürəm ki, bu problem də zamanla həll olunacaq. Fikrimcə, Robert Prosineçki Azərbaycanda 1 nömrəli ulduzdu. Eşitdiyimə görə, ölkə prezidenti də onunla görüşüb, uğurlarına görə təbrik edib. Bu, özü Prosineçkinin statusundan xəbər verir”.

 

Qeyd edək ki, Ozobiç "Qəbələ"yə yayda transfer olunub.