Elxan Abdullayev: Daha 4 legioner gətirəcəyik

“Qış fasiləsi yeni başlamasına baxmayaraq, 3 futbolçu ilə yollarımızı ayırıb, yeni ikisini gətirmişik. Ancaq bununla kifayətlənməyəcəyik”. Olimpsport.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Paytaxt klubunun çalışdırıcısı transfer dövründə daha çox əcnəbi futbolçulara üstünlük verəcəklərini bildirib. O qeyd edib ki, komandadan gedən legionerlərin yeri elə xarici oyunçularla doldurulacaq: “Bildiyiniz kimi, fasilə yaranmamış 5 əcnəbi futbolçunu göndərdik. Eyni sayda da legioner gətirməyi planlaşdırırıq. Bunlardan birinin keçidini artıq rəsmiləşdirmişik. Daha 4 legioner transfer edəcəyik. Ümumilikdə isə 7-8 futbolçu ilə güclənməyi nəzərdə tutmuşuq”.

 

Son vaxtlar mətbuatda bir çox futbolçunun adı “Neftçi” ilə hallanır. Onlar arasında “İnter”in üzvləri - Tərlan Quliyev, Ağabala Ramazanov, “Qarabağ”ın hücumçusu Reynaldo Silva, həmçinin “Trabzonspor”un forvardı Ramil Şeydayev var.

 

Bununla bağlı danışan Abdullayev indiki məqamda yerli “transfer bazarı”ndan yalnız Namiq Ələsgərovu heyətlərinə qatdıqlarını bildirib: “Bu xəbərlərin hardan çıxdığını bilmirəm. Mən həmişə demişəm ki, milli üzvlərinə qapımız açıqdı. Ancaq bir şərtlə ki, həmin futbolçunun hər hansı klubla müqaviləsi olmasın və bizə azad agent kimi keçsin”.

 

“Neftçi”nin çalışdırıcısı hazırkı heyəti qoruyacaqlarını sözlərinə əlavə edib: “Son ayrılıqların ardından onsuz da, heyətimiz bir qədər kasadlaşdı. Bu səbəbdən daha kiminləsə yolları ayırmağı düşünmürük. İndi bütün diqqətimiz komandanın yeni futbolçularla gücləndirilməsinə yönəlib”.