Ruslan Nəsirli bundan sonra MOİK-də çıxış etməlidir

AZAL klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Olimpsport.az xəbər verir ki, bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

O, bildirib ki, yarımmüdafiəçi Ruslan Nəsirli bundan sonra "təyyarəçilər"in düşərgəsində yer almayacaq: "Ruslanın həqiqi hərbi xidmət vaxtı çatıb və onunla yollar ayrılıb. O, MOİK-də çıxış etməlidir".

F.Hüseynov Braziliyadan olan 2 futbolçu ilə danışıqlar aparıldığını da deyib: "Onlar qış təlim-məşq toplanışı zamanı komandanın düşərgəsinə qoşulacaqlar. Baş məşqçi Tərlan Əhmədovun etimadını qazanacaqları təqdirdə, "sambaçılar"la müqavilə imzalanacaq". 

Qeyd edək ki, AZAL Ruslan Nəsirlidən əvvəl müdafiəçilər Brayn Fok, Adan Koronada, Qvanzav Maqomedov, yarımmüdafiəçi Taqim Novruzov, hücumçular David Canelidze və Mirzağa Hüseynpurla yollarını ayırıb.