"Vaqifin Vaqif kimi qalmağını istəmirlər" - Cavadov

“Sumqayıt”ın keçmiş hücumçusu Vaqif Cavadov klubdan ayrılma səbəblərini açıqlayıb. “Azerisport.com”a müsahibə verən futbolçu sualları cavablandırıb:
– Nəyə görə “Sumqayıt”la yolları ayırdız?
– Hazırki vaxtda ən doğru seçimin bu olduğunu gördüm. Uzun müddət yığmanın şərəfini qorumuşam və hələ də orda oynamaq istəyirəm. Ancaq belə görünür ki, yığmanın baş məşqçisi Robert Prosineçki “Sumqayıt”da oynayan futbolçuları yığmada görmək istəmir. Bu səbəbdən burada qalmağın mənasız olduğunu görürəm. Hər zaman ambisiyalı komandalarda oynadım. Ancaq bu dəfə seçimimi “Sumqayıt”dan yana etdim və gördüyünüz kimi klub yaranandan bu yana ilk dəfə mövsümün yarısını 4-cü pillədə başa vurdu. Ancaq yaxınlarımla məsləhətləşərək artıq ayrılmaq vaxtı olduğunu anladım. Bu haqda əvvəlcə klubla da danışığım olmuşdu.
– Növbəti planlarınız nədir?
– Hələ bu haqda heç nə deyə bilmərəm. Yaxın vaxtlarda məlum olar. Mətbuatda yazılanlar mənə ciddi təsir edir. Sanki hamı mənə qarşı köklənib. Mən ruhdan düşən insan deyiləm. Bəziləri elə bilirdi “Sumqayıt”da sınacağam. Ancaq onların səhv düşündüyünü öz oyunumla isbatladım.
– Bəs nəyə görə siz dediyiniz kimi media sizə belə münasibət göstərir?
– Bilmirəm. Bunu onlardan soruşmaq lazımdır. Mənim “Sumqayıt”dan qovulmağım xəbərini onlar hansı mənbələrdən alıblar axı? Ola bilər bu xəbəri yayanlar Vaqifin Vaqif kimi qalmağını istəmirlər.
– Bəlkə ola bilər onlar sizdən daha artığını gözləyirdilər, ancaq bu gözlədikləri nəticəni almadıqlarına görə sizi tənqid etməyə başladılar?
– Mən karyeramın ən yaxşı vaxtında necə idimsə, indi də həmin formadayam. 2013-cü ildə “İnter”in heyətində 14 qola və 7 assistə imza atdım, yığmanın heyətində 2 vacib qol vurdum. Amma ilin ən yaxşı oyunçusu mükafatını başqasına verdilər. Həmin mövsümdən sonra mən Türkiyəyə getdim. Buna baxmayaraq, çoxları yenə də Vaqifi bəyənmir.
– Həqiqətən də mi siz “Sumqayıt” klubunu Prosineçkinin dediklərinə görə tərk etdiniz?
– Bəli. Onun sözləri mənim xoşuma gəlmədi. Hələ də “Sumqayıt”ın buna reaksiya verməməsi səbəbini başa düşməmişəm.
– Karyeranızın qalan hissəsində qarşınıza hansı hədəfləri qoymusuz?
– İlk növbədə elan etmək istərdim ki, biz futboldan uzaqlaşdıra bilməzlər. Mənim övladlarım və qardaşım uşaqları var. Cavadovlar nəsli Azərbaycan futbolunda hələ 100 il də öz sözünü deyəcək. Özümə gəldikdə, mən futbolsuz qala bilmərəm. Hər zamankı kimi qarşımda məqsədlərim və bu məqsədlərimə çatmaq üçün yoluma davam edəcəyəm.