“Qarabağ”ın UEFA-nın siyahısına düşməsi üçün 3 xalı çatmadı

Öz ölkəsinin çempionatını ən böyük fərqlə başa vuran Avropa komandaların siyahısı açıqlanıb. Olimpsport.az xəbər verir ki, UEFA 25 və daha çox xal fərqi ilə çempion tituluna yiyələnən 7 komandanı müəyyənləşdirib.

 

Cədvəldə 7 klub yer alıb. Fransanın PSJ klubu 2015/16 mövsümündə 2-ci yeri 31 xal arxada qoyub. Bu, UEFA-ya üzv ölkələr üçün mütləq rekorddu.

 

2013/14 mövsümündə 29 xallıq üstünlüklə Şotlandiya çempionu olan “Seltik” 2-cidi. “Olimpiakos” (Yunanıstan) 2015/16, “Dinamo” (Zaqreb, Xorvatiya) 2007/08 mövsümündə 28 xallıq fərq yarada bilib.

 

Avropa zonasına daxil olan postsovet təmsilçiləri arasında rekordçu olan Latviya “Skonto”su Avropada 5-cidi. Riqalılar 1997-ci ildə 27 xal üstünlük qazanıb. İki komanda isə izləyicisini 26 xal qabaqlayıb. 2010/11 mövsümündə “Kopenhagen” Danimarkada, 1997/98 mövsümündə “Barri Taun” Uelsdə hamıdan güclü olub.

 

Azərbaycan çempionatlarının rekordu isə “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi ötən mövsüm “Zirə”ni 22 xal arxada qoyub. 84 xalla çempion olan əyalət klubunun UEFA-nın rekordçular siyahısına düşməkdən 3 xal ayırıb.

 

Qeyd edək ki, “Qarabağ”a qədər rekord “Kəpəz”ə məxsus idi. Gəncəlilər 1997/98 mövsümündə 16 xallıq üstünlüyə nail olmuşdu.

mənbə:apasport.az