"“Qəbələ”yə getməklə çox düzgün addım atmışam" - Ozobiç

“Düşünürəm ki, Çiliyə qarşı düzgün taktika ilə oynadıq, yaxşı müdafiə olunduq, ancaq yekunda bəxtimiz gətirmədi və penalti seriyasında məğlub olduq. Komandanı hələ tam hazır saymaq olmaz. Demək olar ki, bütün oyunçular məzuniyyətdən birbaşa bura gəlib”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç deyib.

 

Karyerasında ilk dəfə Xorvatiya millisinə dəvət alan yarımmüdafiəçi yığma ilə birlikdə “Çin Kuboku-2017” turnirində çıxış edir. Yarışın ilk oyununda Çili ilə qarşılaşan “damalılar” heyətinin əksəriyyəti debütantlardan təşkil olunmasına baxmayaraq matçın əsas vaxtında məğlub olmadı.

 

Oyundan sonra yerli futbol federasiyasının saytına danışan Ozobiç fikirlərini bölüşüb: “Çində olmaqdan məmnunluq duyuruq. Ümid edirik ki, şənbə günü yerli milli ilə oyunda özümüzü yaxşı tərəfdən göstərib qələbə qazana biləcəyik”.

 

Filip ölkəmizdəki çıxışı haqqında da danışıb: “Azərbaycanda çox xoşbəxtəm. Düşünürəm ki, “Qəbələ”yə getməklə çox düzgün addım atmışam. Biz Avroliqanın qrup mərhələsində çıxış etmişik. Ölkənin milli komandasına Robert Prosineçki başçılıq edir. Çox böyük ulduzdur. Yəqin ki, müqaviləsini uzadacaqlar. Mənim anlaşma şərtlərimə gəlincə isə, hər şey çox yüksək səviyyədədir”.