"Asan qələbələr olmayacaq" - Rizvan Fərzəliyev

Futzal üzrə “Araz” klubunun və millinin kapitanı Rizvan Fərzəliyev apasport.az saytına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Yığmanın baş məşqçisi Miltinyonun istefası nə dərəcədə gözlənilməz oldu?

- Onun qəfil istefası bizə də pis təsir etdi. Çünki Miltinyonun rəhbərliyi altında cəmi 6 ay çıxış etsək də, uğur qazana bildik. Az vaxt qalmasına baxmayaraq, komandanı komplektləşdirməsi, dünya çempionatındakı nəticəmiz, yekunda 5-ci olmağımız bunun göstəricisidi. Artıq qərarını verib. Onun ailəsi ilə bağlı çətinlikləri var, oğlunun sağlıq durumunda problemlər yaranıb. Buna görə də, evinə dönməli oldu. Miltinyonu kimsə qovmadı, istefaya göndərmədi. Məşqçilik bacarığı da ortadadı. Dünyada sayılıb-seçilən mütəxəssislərdəndi. Biz dünya çempionatı zamanı ona olan münasibətdən də bunu hiss etdik.

 

- Söhbət zamanı gedəcəyini, problemlərinin olduğunu dilə gətirmişdimi?

- Bizə yox, komandada onunla daha çox ünsiyyətdə olan nümayəndələrə demişdi. Bildirdi ki, oğlunun vəziyyəti yaxşı deyil və belə məqamda ailəsinin yanında olmaq lazımdı. Həqiqətən də, çox nigarandı. İşi ilə bağlı hansısa problem yox idi.

 

- Onun gedişinə təəssüflənirsinizmi?

- Əlbəttə, təəssüflənirəm. Baş məşqçi kimi komandanı ilk dəfə iştirakçısı olduğumuz dünya çempionatına çıxardı. Nəticəmiz yaxşı oldu, buna görə də gedişi komanda olaraq hamımıza pis təsir etdi. Artıq qərar verilib, həyat davam edir. Onunla birgə məşqçilər korpusunda yer alan və əsas köməkçisi olan Biro Jade hazırda məşqlərimizə rəhbərlik edir. Qarşıdan gələn Avropa çempionatının seçmə mərhələsinin oyunlarına komandanı Jade hazırlayacaq. Oyunlar Bakıda keçiriləcək və Bironun özünü göstərməsi üçün yaxşı fürsətdi.

 

- Miltinyonun ayrılmasına “Araz”ın UEFA kubokunda uğursuz çıxışı səbəb ola bilərmi?

- Xeyr, bunun onun istefasına aidiyyatı yoxdu. Dəqiq bilirəm ki, o, ailə vəziyyəti ilə bağlı bu addımı atdı.

 

- Miltinyonun istefası komandanın çıxışına nə kimi təsir edəcək?

- Məncə, ciddi təsiri olmayacaq. Yenə deyirəm, Miltinyo təcrübəli, bu sahədə seçilən mütəxəssislərdəndi. İkinci məşqçimiz uzun müddət millidə oynayıb, Miltinyonun köməkçisi olub. Düzdü, hazırkı vəziyyət onun üçün də sürpriz oldu. Amma özünü doğrultmalıdı.

 

- Amma Biro Jade baş məşqçi kimi heç vaxt çalışmayıb və təcrübəsizdi. Bu amilin nə dərəcədə təsiri ola bilər?

- Razıyam, ilk dəfə baş məşqçi postunu tutur. Amma Jadeyə təcrübəsiz deməzdim. Üstəlik, Bakıdakı qrup oyunlarında birinci yeri tutsaq, o, özünü sübut etmiş olacaq. Həm də yaxın müddət ərzində kimisə komandanın baş məşqçisi postuna gətirmək çətin olar.

 

- Qrup oyunlarını yığmamız asan keçməlidi...

- Elə deyil. Həm Macarıstan, həm də Bosniya və Herseqovina milliləri zəif rəqiblər deyil. Oyunumuzla onları üstələməliyik. Asan qələbələr olmayacaq.