“Qarabağ” çox güclü komandadı" - "Neftçi"nin futbolçusu

Azərbaycan Premyer Liqasının III dövrəsinə son 3 ilin çempionu ilə matçla start verən “Neftçi” oyunun əvvəlində hesabı açsa da, üstünlüyünü qoruya bilmədi. Yekunda meydanı 1 xalla tərk edən paytaxt təmsilçisinin yeni transferi İqnasio Herrera Fernandes qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Çempionatımızda debüt etdiniz. İlk matçınız haqda nə deyə bilərsiniz?

- Komandaya yeni qoşulmuşam. Hələ uyğunlaşma mərhələsini keçirəm. Amma yeni komandama daha çox xeyrim dəyəcəyinə inanıram. Meydanda olduğum müddətdə əlimdən gələni etdim ki, burdan 3 xalla ayrılaq. Təəssüf ki, üstünlüyümüzü penalti zərbəsindən sonra əldən verdik. Nəticədə debüt oyunumda 1 xal qazanmış olduq. Matçın çətin keçəcəyini bilirdik. Baş məşqçimiz də komandanı yaxşı hazırlaşdırmışdı. Rəqibi də kifayət qədər anliz etmişdik. İstənilən halda, 1 xal qazandığımıza görə uzülmürəm.

 

- “Qarabağ” son 3 mövsümün çempionudur. Rəqib öz gücünü hiss etdirə bildimi?

- Əlbəttə, “Qarabağ” çox güclü komandadı. Çempion səviyyəsini bu oyunda da göstərə bildi. Biz də onlara qarşı müqavimət göstərə, yaxşı müdafiə oluna bildik. Qazancımız isə 1 xal oldu.

 

- Sizə  “Kayrat”la “Astana”ya, yoxsa “Neftçi”ylə “Qarabağ”a qarşı oynamaq çətin oldu?

- Bu iki çempionatı və iştirakçı klubları müqayisə etmək istəməzdim. Hər birinin öz gücü, səviyyəsi var. “Qarabağ” güclü komandadır ki, 3 il çempion olub, ardıcıl Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Məncə, “Qarabağ”a qarşı oynamaq daha çətin oldu. Çünki bu komandanın səviyyəsi müqayisə etdiyiniz klubdan daha üstündü.

 

- “Neftçi”yə Antalyada qoşulmusunuz. Bakıya gəldikdən sonra klubun bazası və şəraiti ilə tanışlıq hansı təəssüratları yaratdı?

- Bakıya döndükdən bəri peşəkar münasibət görürəm. Xırda problem yarandıqda belə, dərhal aradan qaldırmağa çalışırlar. Klubda tərcüməçimiz var, o da çətinə düşəndə köməyini əsirgəmir. Şəhərinizi də çox bəyənirəm. “Neftçi”də özümü yaxşı tərəfdən göstərəcəyimə və burada uzunmüddətli qalacağıma inanıram.