"Qələbəyə layiq idik" - Cavid İmamverdiyev

“Qarabağ”la oyunda Qara Qarayevin səhvindən maksimum istifadə edən və hesabı açan “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Fasilədən sonra ağır oyunlar seriyasında ilk oyunda heç-heçə etdiz. Qaçırdığınız 2 xala görə üzülürsüz, yoxsa qazanılan 1 xalı bayram edirsiz?

- Bu komandaların “duel”i “böyük oyun” kimi qiymətləndirilir və gərginliyi ilə yadda qalır. Yaxşı mübarizə apardıq, qələbə qazanmalı idik. Penaltinin olub-olmadığını dəqiq deyə bilmərəm. Məncə, qələbəyə layiq idik. Epizodlarımız oldu.

 

- İkinci hissədə niyə geri çəkildiniz?

- Baş məşqçi bir qədər arxadan oynamağımızı tapşırdı. İrəli çıxmırdıq, rəqibi daha çox ortada qarşılamağa çalışırdıq. Yorğunluq da sözünü dedi. Heyətimizdə yeni futbolçular var, onların öz yerini tutması üçün vaxt lazımdı. Hələ bir-birimizi yaxşı tanımırıq. Gələcək matçlarda oyunumuz daha yaxşı alınacaq. “Neftçi”nin əvvəlki günlərinə qayıdacağına inanıram.

 

- Hakimə narazılığınızın səbəbi nə idi?

- Rəhman Hacıyevə qarşı penalti təyin etməli olduğunu dəqiq bilirəm. Çünki epizodu lap yaxından gördüm, təmiz penalti idi.

 

- Deyəsən, yenilənmiş “Neftçi” hər vəclə özünü sübut etməyə çalışırdı?

- Nəticənin pis olmasını heç kim deyə bilməz. Fasilədən sonra ilk oyunumuzdu, xal qazandıq. Özü də “Qarabağ” kimi rəqiblə oyunda.

 

- Azarkeşlərin izləyəcəyi “Neftçi” budur?

- Xeyr, “Neftçi” hər zaman hücum və pressinq edən klub olub. Potensialımız artıqdı, oyundan oyuna bunu hiss edəcək, görəcəksiniz. Məşqçilərimiz bizə çox inanır. Biz də onların inamını doğrultmaq üçün çox çalışırıq.

 

- Oyununuzda irəliləyiş olduğunu hiss etdik. Toplanışda çox çalışmısınız...

- Əziyyət çəkirəm, baş məşqçim də inanır. Çəkimi azaltmışam, gücüm var. Toplanışa yollananda 84 kq idim, indi isə 79-80 kq çəkim var. Həqiqi çəkim budu. Artığı atdığıma görə, oyunumu da düzəldə biləcəm.

 

mənbə:Apasport.az