“Qarabağ” hər zaman riskli futbol oynayır" - Medvedev

“Neftçi” ilə oyundan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.

 

- İlk oyunlar adətən çətin keçir. Deyəsən, bu gün də istisna olmadı...

- Oyun çox ağır keçdi. Dərk edirdik ki, birinci oyun çətin alınır. Toplanışdan qayıtmışıq. Bu oyunda da yaxşı əhval-ruhiyyədə hazırlaşırdıq. Hiss olunur ki, “Neftçi” heyətini səviyyəli legionerlərlə gücləndirib. Bizi yaxşı analiz ediblər, yaxşı mübarizə apardılar. Heç-heçə etsək də, fikrimiz bütün oyunları qalib başa vurmaqdı.

 

- Qara Qarayevin bu cür bəsit səhvə yol verəcəyi nə dərəcədə gözlənilirdi?

- Futboldu, səhvlərdən qaçmaq mümkün deyil. “Qarabağ” hər zaman riskli futbol oynayır. Matçın hansı meydanda keçirilməsinin fərqi yoxdu. Həmin epizod zamanı Qara meydançadan çəkindi və daha dəqiq ötürmə vermək istəyirdi. Top isə düz Cavidin önünə düşdü. Nəticədə hesab açıldı. Bu da bir dərsdi. Yəqin gələn oyunlarda fərqli qərar qəbul edəcək.

 

- “Neftçi” sizdən daha istəkli görünürdü...

- Bu, hiss olunurdu. Yəqin oyunöncəsi yaxşı motivasiyaları olub.

 

- Bəs “Qarabağ”da?

- Bizdə də motivasiya var idi. Komandamız hər zaman 1 nömrə kimi oynayıb, bu dəfə də belə oynamağa çalışdıq. Komandamız hələ tonusda deyil. 1-2 turdan sonra öz formasını bərpa edəcək və rəqiblərinə qarşı əvvəl necə oynayırdısa, yenə həmin şəkildə çıxış edəcək. Həm də bu gün bəzi şeylər bizdə alınmadı. Almeydanın olmadığını da qeyd edək və yarımmüdafiədə bu oyunçunun yoxluğu hiss olunurdu.

 

- Almeydanı “Qarabağ”ın “beyni” adlandırmaq olarmı?

- Riçard klubumuz üçün böyük “fiqurdu”. O, meydanda olanda, komandamız fərqli futbol oynayır. Amma Almeyda yoxdursa, onun mövqeyində çıxış edən futbolçumuzun zəif oynadığını da iddia etmirəm. Oyun üslubumuz dəyişmişdi. Bu gün komandanın Almeydaya ehtiyacı var idi.

 

- Ağabala gəldi, Reynaldo getdi. Bu dəyişiklikdə udan kim olacaq?

- Bunu qəti şəkildə deyə bilmərəm. Nəzərə alaq ki, Reynaldo son vaxtlarda tez-tez zədələnirdi. Hətta Avropa Liqasında cəmi 1-2 oyunda bizə kömək etdi. “Fiorentina” ilə oyunda meydana olduğunu xatırlayıram. Ağabala isə komandamız üçün yeni “qandı”.

 

- Bu oyunda yeni “qan”ın hərəkəti hiss olunurdumu?

- Əlbəttə, hiss olunurdu. İkinci hissədə rəqibin iki futbolçusuna sarı vərəqə qazandırdı. Eləcə də çoxlu “fol”larla yadda qaldı. Bu cür davam etsə, komanda üçün müsbət göstərici olacaq.

 

- Amma o, daha çox simulyasiya ilə yadda qalır. Məşqlərdə də belədi?

 -Məşqdə də belədi, tez-tez yıxılır, mübahisə, cərimə və s. Sadəcə, məşqdə sarı vərəqə olmur. Bu cür oyunçular olur ki, üstünlük qazanır.

 

mənbə:Apasport.az