"Kintana zədələnib deyə, qazonu dəyişməli deyilik" - AZAL futbol klubunun vitse-prezidenti

AZAL futbol klubunun vitse-prezidenti Fikrət Hüseynov "Report"un suallarını cavablandırıb. Olimpsport.az həmin müsahibəni təqdim edir...
 
- AZAL klubu Azərbaycan Premyer Liqasında son 2 oyununu çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Qəbələ"yə qarşı keçirdi. Komandanız hər iki matçda müvafiq olaraq 1:2 və 0:2 hesabı ilə uduzsa da, hakimliklə bağlı iradlarınız oldu. Bunlarla əlaqədar Peşəkar Futbol Liqasına (PFL - red.) rəsmi şəkildə şikayət etmisiniz?
- AZAL futbol klubu özündən imkanlı 4-5 nəfərlə eyni masaya əyləşən kasıb insana bənzəyir. Nə söz verirlər, nə də danışdırırlar. Bu gün AZAL-ı belə günə salıblar. Dünyada ən güclü hakimlər Azərbaycandadır. Buna 100 faiz əminəm. Fariz Yusifov, Orxan Məmmədov, Ramil Diniyev kimi referilərimiz var. İndi də dünən "Qəbələ" ilə oyunumuzu idarə edən İnqilab Məmmədov üzə çıxır. Bax, bu cür hakimlər ən güclü olduqlarını sübut edirlər.
 
- Belə başa düşdük ki, "güclü" sözünü ironiya ilə deyirsiniz...
- Onlardan güclü hakim yoxdur, tanımıram. Onların işi ancaq sifarişlərdir.
 
- Sifarişçi kimdir?
- Vallah, bilmirəm. Özləri özlərinə sifariş edirlər. Hər şeyi özləri edir. Onlara nə AFFA, nə PFL, nə də klublardan sifariş verən yoxdur. Bunları özbaşına edirlər. 
 
- Səbəb nədir: Kiməsə xoş gəlmək üçün edirlər, yoxsa qorxurlar və ya başqa amil var?
- Bunu deyə bilmərəm. Siz də futbola baxırsınız, özünüz də görürsünüz nələr etdiklərini. Dünən "Qəbələ" ilə oyunda top hakimin gözü qarşısında Daniel Subotiçin əlinə dəydi. "Top əvvəl ayağına dəydi, sonra bədəninə, ordan başına, axırda əlinə toxundu" kimi söhbətlər kimə lazımdır? Hər şey aydındır da. Artıq bu barədə danışmağım da gülünc gəlir. Əsəbiləşmək istəmirəm. Azərbaycan hakimlərinin dünyada anoloqu yoxdur. Təbii ki, hamısını nəzərdə tutmuram. 3-4 nəfər var, söhbət onlardan gedir.
 
- "Qarabağ"la görüşdə 1:0 hesabı ilə öndə olduğunuz vaxt baş hakim Orxan Məmmədov Sadio Tounkaraya ikinci sarı, daha sonra qırmızı vərəqə göstərdi. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə bunu doğru qərar saydı. Bəs, Siz necə düşünürsünüz?
- Əlbəttə, orada sarı vərəqəlik bir şey yox idi. Tounkaraya çıxarılan 1-ci "sarı" düz deyil, 2-cidən isə heç danışmağa dəyməz. Həmin epizodda başqa cür necə oynamaq olar? Ayağını qaçırdır da. Ötən tur "Qəbələ" ilə səfər oyununda "Neftçi"nin futboçusu Ruslan Abışov rəqibi tutur, amma "sarı" göstərilmir. Xaqani Məmmədov da çıxıb deyir ki, orda yavaş tutub. Yavaş tutmaq necə olur? Deyir, gərək 7-8 saniyə tutaydı. Lap 4 saniyə tutub, azdır?
 
- Sadio Tounkaraya göstərilmiş qırmızı vərəqə ilə əlaqədar şikayət etdiniz?
- Yox, şikayəti nəyə yazaq ki? "Qəbələ"dən sonra da şikayət yazım, nə dəyişir? Yüz dəfə şikayət yazımışıq, ona kim baxır? Əgər onlar qırmızı vərəqəni dəyişsələr, etriaf etmiş olurlar ki, bu, düzgün deyil. Nə üçün edək? Mənası var? Bu gün oyunlara təbəssümlə baxıram, artıq hirslənmirəm.
 
- Əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, AZAL-ın Premyer Liqada qalmasının tərəfdarısınız. Hakimlərin idarəşiliyi fikrinizdə dəyişikliyə səbəb olmayıb?
- Xeyr, sonuncu pillədə olsaq da, Premyer Liqada qalmaq üçün oynayırıq. Sona qədər də mübarizə aparacağıq.
 
- Klublar Komitəsinin növbəti iclasında hakimliklə bağlı məsələni qaldırmaq fikriniz var?
- Əlbəttə, heç başqa məsələni qaldırmaq da lazım deyil. Hakimlik düz deyilsə, digər işlər boşunadır. Hakimlər Komitəsinin sədri və bir neçə hakim mütləq Klublar Komitəsinin iclasına qatılmalı və hesabat verməlidirlər. Hakimlik yalnız AZAL-ın problemi deyil. Baxarsınız, bu gün keçiriləcək "İnter" - "Neftçi" oyununda hakimin qonaq komandaya simpatiyası olacaq. Özləri edəcək, heç kim sifariş vermir. Bu gün "İnter"in haqqı yeyiləcək. Sonra "İnter" bizimlə oynayacaq. Onda da onlara "simpatiya" olacaq. Bu, "simpatiya" çempionatıdır.
 
- Peşəkar Futbol Liqasının preizdenti Ramin Musayev "Report"a müsahibəsində bildirib ki, yayda "AZAL Arena"nın ot örtüyündəki nöqsanlar aradan qaldırılmasa, AZAL-ın ev oyunlarını orada keçirməsinə icazə verilməyəcək...
- Kim istəyir, gəlib dəyişsin. Dünən Qəbələdə Vitali Vernidub necə zədələndi? Ora da "AZAL Arena" deyildi ki... Dani Kintana zədələnəndə, elə meydanda olan bütün futbolçular xəsarət alaydı da. Gözəl stadionumuz, yaxşı da qazonumuz var. Kintana zədələnib deyə, qazonu dəyişməli deyilik. Vernidub adi epizodda ciddi zədə alıb, meydanı tərk etdi. Belə çıxır ki, "Qəbələ" də öz stadionunda qazonu dəyişməlidir?