"Mənim nəticəmi Mahir Mədətov təkrarlaya bilər" - Müşfiq Hüseynov

Ağdamın Azərbaycan futboluna bəxş etdiyi  futbolçulardan biri Müşfiq Hüseynovdur.  Bir neçə klubun formasını geyinsə də karyerasının çox hissəsini “Qarabağ”a həsr edən veteran futbolçu hal hazırda Ağdam klubunda Qurban Qurbanovun köməkçisi kimi çalışır. Olimpsport.az  A kateqoriyalı məşqçinin  müsahibəsini təqdim edir.

-Karyeranızın ilk vaxtları müharibə illərinə təsadüf edib. Bir idmançı kimi bu sizin üçün nə demək idi?

-O günləri xarıtlamaq mənim üçün çox ağırdı. Buna baxmayaraq biz çətinliklərə dözməyə məcbur idik. O dövrdə futbol  oynamaq asan deyildi.  Biz meydana çıxanda Xalq cəbhəsinin üzvləri  də orda olurdu.  Onların qarşısında  futbol oynamaq bizə bir az da çətinlik yaradırdı. Amma sağ olsunlar bizə hərtərəfli dəstək olurdular. Hər dəfə deyirdilər ki, “siz futbol oynayın, bu bizim üçün ən böyük dəstəkdir”.

 

-Ağdamlı günləri, İmarəti necə xatırlayırsız?

-Hər şeyi  dünən yaşadığım kimi xatırlayıram. Orda bir özəllik var idi. Bizi dəstəkləyən, futbolu başa düşən insanlar  var idi. Azarkeşlər məşqlərə belə gəlib bizi dəstəkləyirdilər.  Futbolu anlayan tərəfdarların qarşısında daha məsuliyətli olurduq, yaxşı futbol oynamağı özümüzə borc bilirdik. Yaxşı kollektivimiz var idi. Bir-birinə hörmət edən, qardaş kimi, yoldaş kimi bir-birini dəstəkləyən futbolçular var idi. Ailə kimi idik.

 

-Müharibə illərində şəhərə tez-tez mərmi düşürdü. Hətta stadiona da bir neçə dəfə mərmi düşüb. Belə hal hansısa oyun vaxtı yaşanıb?

-Səhv eləmirəmsə “İnşaatçı Bakı” ilə qarşılaşırdıq. İlk hissədən sonra fasiləyə çıxmışdıq. Soyunub geyinmə otağından meydança tam görünürdü. Rəqibin 4-5 futbolçusu isinmə hərəkətləri edirdi. Yaxınlığa mərmi düşdü. Partlayış səsindən sonra onlar məşqi dayandırıb soyunub geyinmə otağına qayıtdılar.

 

-O dövrdəki “Qarabağ”la, indiki “Qarabağ”ı müqayisə edə bilərsinizmi?

-O dövrdəki “Qarabağ”la, indiki “Qarabağ” arasında ancaq futbol baxımından fərq var. Futboldan öncə önəmli olan bəzi məsələlər var. Futbolu kollektiv oynamaq üçün bir-birini başa düşmək, istər məşqdə, istər meydanda, istər meydandan kənarda bir birinə hörmət etmək vacibdir. Bu cəhətlər o  dövrdə də, indi də “Qarabağ”da var. “Qarabağ”ın yaxşı kollektiv kimi formalaşmasında mehribançılığın çox böyük rolu var.

 

-“Qarabağ”ın tarixi ərzində ən çox qol vurmuş futbolçu sizsiniz. Sizin nəticənizi təkrarlamaq potensialını kimdə görürsüz? Reynaldo buna bir az yaxınlaşmışdı, amma o da komandadan ayrıldı...

-Mən çox istərdim ki, Reynaldo karyerasını “Qarabağ”da davam etdirsin. O, bizə lazımlı futbolçu idi. Çox təəssüflər olsun ki, bizdən aslı olmayan səbəblərdən dolayı komandanı tərk elədi. Düşünürəm ki, cavanlardan mənim nəticəmi Mahir Mədətov təkrarlaya bilər. Özünü göstərə bilsə, hər oyun qollarını sıralaya bilsə yəqin ki mənim nəticəmi təkrarlayacaq. Reynaldo kimi  legioner gəlsə, 6-7 il komandamızın formasını geyinsə, o da bu nəticəni təkrar edə bilər.

 

-Öz oyun stlinizi gördüyünüz futbolçu var?

-Hücum elə bir mövqedi ki, burda hamının stili eyni olur. Hücumçu topu alıb qol vurmalıdı. Bütün hücumçularda bu xüsusiyətlər olur.  İndiki hücumçulardan Dino pis təsir bağışlamır. İrəli atılması, top istəməsi, komandanı başa düşməsi  onun əsas üstünlükləridi.

 

-Müşfiq Hüseynov futbolçu kimi güclü olub, yoxsa məşqçi kimi?

-Məşqçi kimi hələ heç bir iş görməmişəm. Hələ ki Qurban müəllimin köməkçisiyəm. Mənə elə gəlir ki, futbolçu kimi daha irəlidə olmuşam.

 

-Sizi nə vaxtsa baş məşqçi kimi görə bilərik?

-Hələ ki belə bir şey ağlımdan keçmir. “Qarabağ”da hər şey məni qane edir. Qurban Qurbanovla işləmək rahatdı. Tələbkar məşqçidi. Biz də çalışırıq ki, o nəyisə tələb etmədən də bildiyimizi futbolçulara öyrədək. Komandanın irəli getməsi  üçün əlimizdən gələni edirik.

 

-1993-cü ildə ilk dəfə futbolçu kimi çempion oldunuz. 21 illki fasilədən sonra “Qarabağ”la məşqçi kimi çempionluq qazandınız. Təəssüratlar arasında nə kimi fərq var idi?

-1993-cü il bizim üçün çox ağır oldu. Şəhər işğal olunanda komanda Bakıda idi. O ərəfədə Sumqayıtda, Mingəçevirdə qalırdıq. Çətin günlər keçirirdik. Buna baxmayaraq boynumuza düşən vəzifə futbol oynamaq idi. Məqsəd azarkeşləri,Ağdam camaatını bir arada tutmaq idi. Bizim üçün çox çətin idi. İnsanlar orda vuruşarkən futbol oynamaq asan deyildi. Lakin əsgərlər özləri də bizə deyirdi ki, “oynayın”! O vaxtlar bunu dərk eləmirdik. Amma oyundan oyuna hiss edirdik ki, bu, şəhərin canlı qalması üçündü. İnsanların şəhəri tərk eləmədiyini, şəhərin yaşadığını göstərmək üçün oynayırdıq.  Sonralar komanda bir müddət Quzanlıda oynadı.  Amma Ağdamla Quzanlını müqayisə eləmək olmaz. Ağdamda komanda üçün hər şərait var idi. Futbolçular əziyət çəkmirdilər. Quzanlıda isə müəyyən problemlər var idi. Yol, gediş-gəliş futbolçuları yorurdu. İnşallah yaxın gələcəkdə komanda yenidən Ağdama qayıdacaq.

Çempionluq çempionluqdu. Çox sevinirəm ki, həm məşqçi kimi, həm futbolçu kimi bu hissi yaşamışam. Çempionluq insanda çox gözəl hisslər yaradır. Yanında hər kəs sevinir, hər kəs çempionluğu bayram edirsə fərqi yoxdu. Amma futbolçular daha istəkli olurlar, daha çox əziyət çəkirlər. Buna görə düşünürəm ki, futbolçu kimi çempion olmaq daha şirindi.

 

-“Makkabi”- “Qarabağ” oyununda vurduğunuz iki qol sayəsində komandanız mərhələ adlamışdı. Həmin oyunu necə xatırlayırsız?

-O vaxt İntertoto kuboku çərçivəsində “Makkabi” ilə qarşılaşırdıq. Sözün əsl mənasında rəqibi tanımırdıq. Onda indiki kimi şərait yox idi. Nə internetdən izləmək,nə oyunların videoyazısını əldə etmək mümkün deyildi. Bilmədiyimiz bir rəqibə qarşı oynamaq əlbəttə asan deyildi. Rəqibi analiz edəndə, zəif güclü tərəflərini biləndə mübarizə aparmaq daha rahat olur. Oyunun gedişində hiss etdik ki, rəqib heç də bizdən üstün deyil, oynamaq olar. İlk hissənin sonlarına yaxın hesabda irəli çıxdıq. İkinci hissədə rəqib hesabı bərabərləşdirdi. Sona 7-8 dəqiqə qalmış ikinci qolu vurduq. İlk qolun ötürməsini Səttar Əliyev vermişdi. Onun uzun ötürməsindən sonra topu saxlayıb cərimə meydançasına daxil oldum. Bir rəqibi aldadıb qol vurdum. İkinci qolu cərimə zərbəsindən vurmuşdum. Elmir Xankişiyevi yıxmışdılar. Hakim cərimə zərbəsi təyin elədi və mən zərbəni dəqiq yerinə yetirdim.

 

-“Qarabağ” bu il yenə çempion ola bilərmi?

-Bu mövsüm çempionat daha çətin keçir. Keçən il həm avroliqada, həm çempionatda oynamaq çətinlik yaradırdı. Digər tərəfdən zədə amili bizi geri salır. Oyunların hamısı çətindi.Asan qələbə olmur. Gəncədəki oyunu misal çəkərdim. Səfərdə, əlverişsiz meydançada oynamaq, üstəlik qələbə qazanmaq asan deyildi. Şükürlər olsun ki, komandamız bunun öhdəsindən gəldi. Qarşıda “Qəbələ” ilə oyunumuz var. Məşq edirik, hazırlaşırıq. Çalışacağıq ki, səfərdə sərfəli nəticə əldə edib azarkeşlərimizi sevindirək.

 

-14 fevral doğum gününzdü. Doğum günləriniz necə qeyd edirsiniz?

-Doğum günlərimi çox vaxt evdə ailəmlə qeyd edirəm. Təəssüflər olsun ki, Ağdamda olanda heç vaxt ailəmlə qeyd edə bilmirdim. Atam Bakıda işləyirdi. İşi ilə əlaqədar olaraq hər ayın 12-si evi tərk edirdi. Mən onda balaca idim. Onu vağzala qədər yola salırdım. Orda məni təbrik edirdi. Sonra pul verirdi,deyirdi ki, “özünə bir şey alarsan”. Doğum günlərimlə bağlı yeganə xatirəm budu. Bu günün mənim üçün başqa heç bir özəlliyi yoxdur.

 

 

Sevinc Məmmədova