“Futbolda mümkünsüz heç nə yoxdu" - Robert Prosineçki

“Həyat kimi, futbol da gözlənilməz hadisələrlə zəngindi. Odu ki, belə halların olması normaldı”. Olimpsport.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Ölkəsinin mətbuatına danışan xorvatiyalı çalışdırıcı Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”nın PSJ-yə 0:4 hesabı ilə uduzmasından danışıb.

 

Sabiq komandasının ağır məğlubiyyəti Prosineçki üçün gözlənilməz olsa da, o, belə nəticələrin futbola fayda verdiyini bildirib: “Futbolda mümkünsüz heç nə yoxdu. Bu deyim adi hala çevrilib. “Lester” keçən il Premyer Liqanın qalibi olmadımı? Bax belə. Deməli, bu cür sürprizlərin olması yaxşı, hətta əladı. Həmişə 10 eyni klubun Çempionlar Liqasında ¼ final, yarımfinal və finala çıxması kənardan necə görünər? Belə olan halda, digərləri heç nə edə bilmirlər. Bu mənada, qeydə alınan sürprizlər futbolun marağını artırır. Şəxsən mənim üçün PSJ “Barselona”ya 4:0 hesabı ilə qalib gəldikdən sonra Çempionlar Liqası daha maraqlı gəlir. Təkcə bu deyil. Artıq digər klubların da nəsə etməyə çalışması tendensiya halını alıb. PSJ, doğrudan da, fantastik oynadı, ancaq “Barsa” da pis vəziyyətdə idi. Vaxtilə “Barselona”nın futbolçusu olmağıma rəğmən, bu cür nəticələrin qeydə alınmasını yaxşı hal hesab edirəm. “Barselona”sız Çempionlar Liqası mənim üçün darıxdırıcı olmayacaq”.

 

Prosineçki son oyundakı çıxışına görə tənqid olunan Lionel Messi barədə də danışıb. O, argentinalı futbolçu haqda müsbət fikirlər səsləndirib: “Messi 10 il fantastik oyun göstərdi, demək olar ki, hər matçda bunu bacardı. 10 ildən sonra isə... Günlərin birində Messi futboldan gedəcək. Hansı futbolçu ardıcıl neçə il bu cür parlaq oyun sərgiləyib? Heç kim. İnanın mənə, bundan sonra da heç kim ona çatmayacaq. Hazırda o, pis oynayır və hamı Messi barədə suallar verməyə başlayıb. İnsanların işinə ciddi yanaşmaq lazımdı. Kim bilir, Messi bəlkə də, oyundan öncə yaxşı yata bilməyib. Bu insan neçə illərdi meydandakı hərəkətləri ilə bizi heyrətləndirir”.