“Qarabağ”ı tanımayan yoxdu - Ruslan Abışov

“Neftçi” klubunun yarımmüdafiəçisi Ruslan Abışovun  müsahibəsi

 

- Zədəniz sağalıbmı? AZAL-a qarşı oyunda meydana çıxa biləcəksinizmi?

- Zədəm sağalıb, məşqlərdə iştirak edirəm. Komandanın dünənki məşqinə də qatılmışdım. Böyük ehtimalla, AZAL-la oyunda meydana çıxmayacam. Amma “Zirə”yə qarşı keçirəcəyimiz görüşdə tam hazır və meydana çıxacaq gücdə olacam.

 

- AZAL-a qarşı oynamamağında meydanın süni örtüklü olmasının rolu varmı?

- Müəyyən qədər təsiri var. Özüm oynamaq istəyirdim, amma həkimlər risk etməməyimi istədilər. Yaxşısı, tam bərpa olunmaq və meydana hazır çıxmaqdı.

 

- Necə düşünürsüz, qış fasiləsindən sonra “Neftçi” potensialından tam istifadə edə bilirmi?

- Turdan-tura komanda daha yaxşı oynayır, legionerlə də adaptasiya prosesini keçirlər. Komandanın bundan da güclü olacağına ümid edirəm. Çünki qarşımıza konkret hədəflər qoyulub. Cari mövsümdə bizim üçün prioritet ölkə kubokunu qazanmaqdı. Əlbəttə, çempionatı da ən azı dördüncü pillədə başa vurmaq üçün mübarizə aparacağıq.

 

- Oyun planında artım hiss olunsa da, nəticələrinin sabit deyil...

- “Sumqayıt”la qarşılaşmada çoxsaylı qol epizodları yaratsaq da, cəmi birini qola çevirə bildik. “Kəpəz”lə oyunun birinci hissəsindəki penalti verilsəydi, nəticə fərqli olacaqdı. Bu cür səhvlərdən danışmağa dəyməz, hamısı keçmişdə qalıb. Daha inamlı, daha yaxşı oynamalıyıq ki, belə xırda səhvlərin güdazına getməyək.

 

- Ümumiyyətlə, qış fasiləsindən sonra komandanıza qarşı hakim səhvləri çox olub. Bunun sistematik hal alması nədən qaynaqlanır?

- Bununla bağlı media çox yazır, ictimaiyyət danışır. Futbolçunun bu haqda danışması düzgün deyil. Əsas olan özümüzə inanmaq, oyunumuzu inkişaf etdirmək, var gücümüzlə mübarizə aparmaqdı. Bunu bacarsaq, hakimin səhvləri bizə mane olmayacaq.

 

- Hazırda “Neftçi”ni legioner irəli daşıyır. Yerli futbolçuların kölgədə qalmasından narahat deyilsiz?

- Elə fikirləşməzdim. Həm yerlilər, həm də legionerlər vəhdət yaradıb. Hamının məqsədi, məramı aydındı. Vaxt keçdikcə, daha yaxşı olacaq. Uzun müddətdən sonra belə komanda yığılıb, uyğunlaşma prosesi tam başa çatmayıb. Qələbələr gəldikcə inam da artacaq, nəticələr də yaxşı olacaq.

 

- İndiki məqamda dördüncü yeri tutmaq planı nə dərəcədə reallaşa bilər?

- Sırf dördüncü yeri deməzdim. Bacardığımız qədər çox qələbə qazanıb, yüksək yerlərdən birini tutmalıyıq. Əlbəttə, bunun baş tutması üçün üst sıralarda yer alan komandaların da xal itirməsi lazımdı.

 

- Deməli, prioritet ölkə kubokunu qazanmaq olacaq. Amma finalı erkən oynayacaqsız...

- Çətin yarımfinal olacaq. “Qarabağ”ı tanımayan yoxdu. Amma biz də əvvəlki komanda deyilik. Maraqlı yarımfinal oyunu olacaq. Kim layiqdirsə, finala da o yüksələcək.

 

- Yeri gəlmişkən, “İnter”lə çempionat oyunundan sonra sabiq komanda yoldaşlarınla görüşsən də, Zaur Svanadzeyə salam vermədiniz. İncimiz?

- Bir məşqçi, insan kimi ona böyük hörmətim var. Sadəcə, həmin vaxt o, müsahibə vermək istəyirdi, başı qarışıq idi, narahat etmək istəmədim. Bu gün də onunla münasibətimiz normaldı. Harda görsəm, yüksək səviyyədə görüşərəm onunla.

 

- Qarşıdan yığmanın Qətərlə oyunu gəlir. Almaniya ilə matç öncəsi bu qarşılaşma komandamıza nə verəcək?

- Rəsmi oyunlardan əvvəl yoldaşlıq matçlarının futbolçulara çox köməyi dəyir. Qətərlə oyunda müəyyən eksperimentlərin ediləcəyi istisna deyil. Baş məşqçi Almaniya qarşısına kimlərlə çıxacağını müəyyənləşdirəcək. Faydalı yoxlama oyunu olacağına inanıram. Daha vacibi isə martın 26-da azarkeşlərimizi evlərinə məyus yola salmamaqdı.

 

- Martın 26-da dünya çempionu ilə qarşılaşacaqsız. Bu məqam çoxlarının ağlından başqa fikirlər keçirməsinə səbəb olur...

- Futboldu, sona qədər mübarizə aparmaq lazımdı. Oyunumuz alınmaya bilər, heç kim bundan sığortalanmayıb. Amma meydanda qaçmağa, mübarizə aparmağa hamımızın gücü yetəcək qədərdi. Hansısa “faciə”dən danışmayaq, komandamıza inanaq.(Apasport.az)