Millimizin heyəti açıqlandı

Martın 10-da Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri başlanacaq. Olimpsport.az xəbər verir ki, artıq məsul yarışda iştirak edəcək Azərbaycan millisinin heyəti məlumdur. Təşkilatçı ölkə olaraq komandamıza hər çəkidə 4 idmançı ilə təmsil olunmaq imkanı verilib. Bu səbəbdən də qələbə uğrunda ümumilikdə 51 cüdoçumuz mübarizə aparacaq.

Kişilərin mübarizəsində ölkəmiz 28 cüdiçu ilə təmsil olunacaq. Heyətdə komandamızın liderləri, olimpiya mükafatçıları - 73 kq çəki dərəcəsində  Rüstəm Orucov və 100 kq-da Elmar Qasımovun da adı var. Bundan başqa, Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Hidayət Heydərov, Uşanqi Kokauri kimi təcrübəli və yüksək nəticələr göstərmiş cüdoçulara da yığmada yer verilib.

“Böyük Dəbilqə” turnirində qadın idmançılarımızın sayı isə 23-dür. Onlardan 48 kq çəki dərəcəsində yarışacaq Aişə Qurbanlı, Leyla Əliyevaya daha çox ümid bəslənir.