“Qəbələ” rahatlıqla Polşa çempionatında ilk “dördlük”də yer alar" - David Petrzkeviç

“Qəbələ”nin polşalı qapıçısı David Petrzkeviç ölkəsinin mətbuatına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

- 21 yaşdan etibarən legioner həyatı yaşayırsız. İlk dəfə ölkədən kənara çıxanda tərəddüd etdinizmi?

- Təbii ki, tərəddüdüm var idi. Hər şeydən öncə əcnəbi dillə bağlı narahatlıq keçirirdim. Əvvəlcə Çexiyaya yollandım. Bu ölkənin dili Polşa dilinə yaxındı. Onda özümə dedim ki, nəyəsə nail olacağamsa, bunun Polşa, Çexiya, İngiltərə və ya Azərbaycanda olmasının fərqi yoxdu. Legioner həyatı yaşadıqdan sonra “buna dəyərdi” sualına cavab tapa bilərdim.

 

- İndi hansı fikirdəsiz? Dəyərdimi?

- Ümumi götürsək, qərarlarıma görə təəssüflənmirəm. Oynadığım ölkələrdə bir çox yaxşı insanlarla tanış oldum.

 

- Ostravanın “Banik” klubuna qayıdandan sonra yaxşı mövsüm keçirdiniz. Məhz həmin vaxt Azərbaycandan təklif aldınız?

- Həmin mövsümdən sonra klubla müqaviləmə qarşılıqlı razılıq əsasında xitam verdik. “Banik”də maliyyə problemi yaranmışdı və bildiyim qədərilə, həmin problem indiyə kimi davam etməkdədi. Yaxşı təklif gözləyirdim. Gələn kimi, ordan ayrıldım.

 

- Həmin vaxt karyeranızı İngiltərədə davam etdirmək ehtimalı da var idi. Elə deyilmi?

- Mən ondan artıq gözləyə bilməzdim. Çünki vaxt az idi, klubsuz qalmaq istəmirdim. Çox adam söz verir, amma sonra yerinə yetirmir. Həmin vaxt azərbaycanlılar konkret təklif göndərdilər. Mən də özümü fərqli ölkədə sınamaq istədim.

 

- Azərbaycana getməmişdən öncə bu ölkə barədə nəsə bilirdiniz, yoxsa internet vasitəsilə məlumat topladınız?

- Əvvəl ölkə və çempionat barədə heç nə bilmirdim. Lakin təklif alan kimi, həyat yoldaşımla birlikdə internet vasitəsilə Azərbaycan haqda məlumat topladıq. Vaxtilə bu ölkədə oynamış həmkarlarımla danışdım. Hər biri indiyə qədər razıdı. Onlar məndən də əmin şəkildə danışaraq, “David, get, özün görəcəksən” deyirdilər.

 

- “Simurq”a Marçin Burxardtla birlikdə keçdiniz. Adaptasiya prosesi rahat oldu?

- Mən komandaya daha tez keçmişdim. Marçin bizə təxminən 2 aydan sonra qoşuldu. Buna baxmayaraq, bir yerdə qalırdıq, bir-birimizə dəstək olurduq. Əcnəbi ölkədə kiminləsə Polşa dilində danışmaq xoş idi. Amma digər komanda yoldaşlarımla da ünsiyyət qurmaq mənə problem deyildi. Bir sözlə, özümü evimdəki kimi hiss edirdim.

 

- Azərbaycanda yaşamaq ürəyinizcədi?

- Çox şeydən keçməli olursan. İlk gündən bazada qalırdıq. Möhtəşəm şəraiti ilə fərqlənməsə də, bazada yaşamaq mümkün idi. Azərbaycan yeməkləri tamam fərqlidi, siz yeni mədəniyyətə uyğunlaşmalı olursunuz. Biz xristianıq, azərbaycanlılar isə müsəlmandılar. Onlarla hörmətlə yanaşırıq. Çünki Azərbaycanda dinlə bağlı heç bir problemlə üzləşməmişəm. Bölgələrdə böyük alış-veriş mərkəzləri yoxdu.

 

- Azərbaycanda sizi küçədə tanıyırlarmı?

- Azərbaycanlıların futbola, ümumiyyətlə, idmana fərqli yanaşmaları var.

Oyuna baxan insanlar sonra bizə yaxınlaşıb, futbola olan maraqlarını göstərirlər. Avropanın bəzi ölkələrində yaşamaq təhlükəlidi. İnsan öz həyat yoldaşı ilə şəhəri gəzməyə, bir fincan kofe içməyə gedə bilmir. Lakin Azərbaycanda bu baxımdan problem yoxdu, sakitlikdi.

 

- “Simurq”da yaxşı mövsüm keçirdikdən sonra “Qəbələ” ilə müqavilə bağladınız...

- “Simurq”dakı çıxışım yaxşı alındı. Müxtəlif təkliflər almağa başladım. Nəticədə “Qəbələ”yə keçdim. 

 

- Həmin vaxt Polşaya qayıtmaq variantınız var idi?

- Bəzi təkliflər gəlmişdi, amma yenə heç biri konkret deyildi. Buna görə də, Azərbaycanda qalmağı üstün tutdum. “Simurq”da çıxış etdiyim mövsümdə sonuncu oyunumuzu “Qarabağ”a qarşı keçirdik. Həmin vaxt “Qəbələ”nin nümayəndələri mənə təklif irəli sürdülər. Təklif qaneedici olduğundan, qərar vermək üçün çox düşünmək lazım gəlmədi.  

 

- Yeni klubunuzda əvvəlcə əsas qapıçı olsanız da, sonra vəziyyət dəyişdi. Buna nə səbəb oldu?

- Azərbaycan çempionatında legioner limiti var. Əsas heyətdə biri gənc olmaqla, 5 yerli futbolçu çıxış etməlidi. Ən böyük problemim elə bununla bağlıdı. “Qəbələ” ilə müqaviləmin müddəti başa çatdıqdan sonra ölkəmə qayıtmaq istəyirdim. Həyat yoldaşımla belə qərara gəlmişdik. Hətta konkret təklif də almışdım. Amma bir nəfər mənə mane oldu.

 

- 1 illik fasilədən sonra “Qəbələ”yə qayıtdınız...

- Klubsuz qaldığım müddətdə fərdi məşq edirdim. Bunun hesabına formada qalmağı bacardım. “Qəbələ” ilə əlaqəm davam edirdi. Onlar məni geri dönməyə razı sala bildilər və yenidən “Qəbələ”yə keçdim.  

 

- “Qəbələ”yə qayıdanda tərəddüd etdinizmi?

- Həmin vaxt komanda Avropa Liqasının seçmə mərhələsində çıxış edirdi. “Qəbələ”nin avrokubok matçına baxdım, 1 gün sonra isə müqavilə bağladıq. Çox dəyişiklik baş vermişdi: yeni məşqçi, yeni futbolçular. Hazırda biz “Qarabağ”la çempionluq mübarizəsi aparırıq. Məqsədimizə çatmağa çox yaxınıq. Onu da deyim ki, Azərbaycan klubları Avropada yaxşı nəticə göstərməyə başlayıblar. “Qarabağ” ötən il də Çempionlar Liqasının qrup mərhələsinə düşmək uğrunda mübarizə apardı, amma yenə nəsə çatmadı. Klubumuzun təmsil etdiyi şəhər üçün Avroliqanın qrup mərhələsi böyük uğurdu. Çünki heç kim “Qəbələ” barədə eşitməmişdi. Komandamız ikinci dəfə ardıcıl 4 təsnifat mərhələsini keçərək, Avroliqanın qrupunda oynadı. Düz xatırlayıramsa, bizdən başqa yalnız “Rusenborq” bu uğura imza ata bildi. İki il ərzində “Lill”, “Panatinaikos” və “Maribor” kimi zəngin avrokubok təcrübəsi olan komandaları mübarizədən kənarlaşdırdıq. Azərbaycan klubları ölkəyə, həqiqətən də, yaxşı legionerlər gətirirlər. Dani Kintananı misal çəkə bilərəm. Səudiyyə Ərəbistanında yarım il keçirdikdən sonra “Qarabağ”a gəldi.   

 

- Polşa və Azərbaycan çempionatlarını müqayisə edə bilərsizmi? Siz Ekstraklasada hansı yeri tuta bilərsiz?

- Əksər adamlar Azərbaycan çempionatı haqda 10 il əvvəlki fikirlərindədi. Bizim məşq üçün elə şəraitimiz var ki, Polşanın əksər yüksək liqa klubları “Qəbələ”yə həsəd aparar. Hətta “Legiya”nın bizim qədər məşq meydançası yoxdu. Azərbaycan çempionatının səviyyəsi heç də çoxunun düşündüyü kimi aşağı deyil. Bu yaxınlarda “Qarabağ” toplanışda “Legiya” ilə qarşılaşmışdı. Böyük səviyyə fərqi hiss olunmadı. Bütün bunları və indiki heyətimizin gücünü nəzərə alsaq, “Qəbələ” rahatlıqla Polşa çempionatında ilk “dördlük”də yer alar.

 

- “Qəbələ”nin klub kimi inkişafında Toni Adamsın da rolu oldu?

- O, yerli mentaliteti dəyişməyə, Avropada olanları Azərbaycanda həyata keçirməyə çalışdı və buna nail oldu. Qəbələdə yaxşı stadion inşa edildi. Dediyim kimi, məşq üçün çoxlu meydançalarımız var.   

 

- Hazırda ən böyük arzunuz nədi?

- Avropa Liqasında oynadım. İndi isə “Qəbələ”nin heyətində Çempionlar Liqasında iştirak etmək istərdim. Bu turnirdə nə vaxtsa debüt etmək arzusundayam.