AFFA "Qəbələ"ni sərt cəzalandırdı

Topaz Premyer Liqasının XX turunda baş verən hadisələrlə bağlı bu gün İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az xəbər verir ki, keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XX turunun “Qarabağ” – “İnter” matçının 86-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Topaz  Premyer Liqasının XX turunun “Kəpəz” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

Oyunun 38-ci dəqiqəsində “Kəpəz” klubunun 17 №-li futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).

Oyunun 38-ci dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

Oyunun I hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 42.4) (maddə 10).

“Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8)  (maddə 10).

“Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulur, klub 16000 manat cərimə olunur (maddə 38.6) (maddə 38.8)  (maddə 10).

“Qəbələ” klubunun həkimi  Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 4000 manat cərimə olunur (maddə 43.4).