"Qəbələ"dən AFFA-nın qərarlarına ilk reaksiya

AFFA İntizam Komitəsi "Kəpəz"lə oyunda baş verənlərə görə "Qəbələ"ni sərt cəzalara məruz qoyub. Olimpsport.az xəbər verir ki, klub rəsmisi Səbuhi Qarayev 20, Səməd Nəsibov 10, Zaur Əzizov, Səbuhi Səfiyarlı, həkim Namiq Hüseynov 5, futbolçu Nika Kvekveskiri 3 oyunluq cəzalandırılıb, klub 38 min 400 manat cərimələnib.
İntizam Komitəsinin qərarları ilə bağlı "Qəbələ"nin baş meneceri Zaur Əzizov Fanat.az-a açıqlamasında bunları deyib:
"İntizam Komitəsi öz başına qərar vermir. Protokolda nə qeyd olunubsa, ona uyğun qərar verilir. Ona görə də qərarı qəbul edənləri ədalətsiz adlandıra bilmərik. Oyunun protokolu bizdə var və qətiyyən razı deyilik. Düzdü, müəyyən kobudluqlar oldu. Amma bu bəlli çərçivədə oldu. Bu qərarlarla müqayisədə çox ağırdı. Ola bilər ki, apellyasiya şikayəti verək. Hər halda bununla bağlı klubun açıqlaması olacaq".