Roman Qriqorçuk üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının XXI turunun “İnter”lə oyunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk üçün yubileylə əlamətdar olub. Olimpsport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkə çempionatında 40-cı dəfə qələbəyə sevinib.

 

Səfərdə əldə olunan 2:0 hesablı qələbəyədək onun yetirmələri 39 dəfə qalib gəlmişdi. 40-cı uğur 73-cü matçda qeydə alınıb.

 

2014/15 mövsümünün qış fasiləsində “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunan Qriqorçuk 2 il 2 ay ərzində komandasını meydana çıxardığı 73 qarşılaşmada 20 heç-heçəyə də şahid olub. Onun yetirmələri 13 dəfə məğlub olub. Ukraynalı 112 qol sevinci yaşayıb və yetirmələrinin 50 top buraxmasına üzülüb.