"İnter" bir neçə futbolçusunu itirdi

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək “İnter” heyətlə bağlı problemlə üzləşib. Klubdan verilən məlumata görə, “bankirlər”in 3 futbolçusu bugünkü matçı buraxacaq.

 

Qətərlə yoldaşlıq görüşündə qapıda dayanan Səlahət Ağayev yığmanın düşərgəsindən zədəli qayıdıb. Məşqçilər korpusunun riskə getməyəcəyi, çərçivəni Orxan Sadıqlıya tapşıracağı bildirilir.

 

“İnter”in digər futbolçusu Abbas Hüseynov isə ilk dəfə çağırıldığı millidən naxoş vəziyyətdə dönüb. Baş məşqçi Zaur Svanadze qripə yoluxan Abbasın da xidmətindən “Sumqayıt”la matçda yararlana bilməyəcək.

 

Paytaxt klubunun itkiləri bununla bitmir. Sol cinah müdafiəçisi Slavik Alxasov da bu gün meydana çıxmayacaq. Fərdi məşqlərlə kifayətlənən futbolçu “Qəbələ” ilə görüşdə olduğu kimi, yenə komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “İnter Arena”da keçiriləcək “İnter” – “Sumqayıt” matçı saat 18:00-da start götürəcək.