"Orada böyüdüləcək heç bir hadisə baş verməyib" - Qara Qarayev

"Həmin an anlaşmazlıq olub. Rəqib qol vuran zaman sevinməyimlə bağlı deyilənlər yalandır. Qol buraxdıqdan sonra komandamıza dəstək olmaq üçün əl çalmışam. Orada böyüdüləcək heç bir hadisə baş verməyib".
 
Olimpsport.az xəbər verir ki, bunu Sportnet.az-a Bakının "İnter" komandasının futbolçusu Qara Qarayev məşqlərdən kənarlaşdırılması ilə bağlı çıxan xəbərlərə şərh verərkən deyib. 
 
19 yaşlı hücumçu bildirib ki, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə çempionatında "Sumqayıt"la ev oyunu zamanı ın "İnter"in baş məşqçisi Fizuli Məmmədov onu düz başa düşməyib. O, oyundan sonra problemin həllini tapdığını deyib: "Fizuli müəllim məni düz başa düşmədi, əsəbləşdi. Lakin oyundan sonra danışdıq və məsələyə aydınlıq gətirdik. Hər şey qaydasındadır. Zaur Svanadzenin məni əsas komandanın məşqindən qovması barədə deyilənlər də həqiqəti əks etdirmir. Əvəzedicilərin heyətində oyuna çıxdığım üçün baş məşqçi mənə istirahət verib. Sabah əsas komanda ilə birgə olacağam".
 
Q.Qarayev matçın 58-ci dəqiqəsində əvəzetmədən meydana daxil olmasına və 20 dəqiqə sonra komanda yoldaşı ilə əvəzlənməsinə də aydınlıq gətirib. O, baş məşqçinin qərarına hörmətlə yanaşdığını qeyd edib: "Birinci dəfə deyil, futbolda belə şeylər olur. Baş məşqçinin qərarıdır, nə deyə bilərəm? Deyəcək, 1 dəqiqə oyna, 1 dəqiqə oynayacağam".
 
Qeyd edək ki, martın 12-də Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə çempionatında XXII tur çərçivəsində baş tutan "İnter" - "Sumqayıt" görüşündə xoşagəlməz olay yaşanıb (sport24.az). Görüşün 58-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan Q.Qarayev 20 dəqiqə sonra komanda yoldaşı ilə əvəzlənib. Oyunun 85-ci dəqiqəsində qonaqların qələbə qolunu (3:2) vurmasından sonra isə 19 yaşlı hücumçunun əl çalması baş məşqçi F.Məmmədovu özündən çıxardıb.