"Sabahkı oyun barədə çox danışmaq yox..." - Rəşad Sadıqov

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya yığmasını qəbul edəcək.
Olimpsport.az xəbər verir ki, təşkil olunan mətbuat konfransında Rəşad Sadıqov oyun haqqında fikirlərini bölüşüb.
“Qrupun ən güclü komandası Almaniya yığmasıdır. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadır. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadır. Almaniya yığması səhvləri bağışlamır. Sabahkı oyun barədə çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdır”.

- Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?

- Bu, bizim üçün sevindirici haldı, əlavə stimuldu. Yəqin ki, belə azarkeşlər qarşısında oynamaq rəqibə problem yaradacaq. Bizim üçün bir fürsətdi. Hər dəfə bu qədər azarkeş qarşısında oynamırsan. Öz azarkeşlərimiz, eləcə də, Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq üçün darıxmışıq.

 

- Almaniya mətbuatında yayılan xəbərə görə, Renat Dadaşova millidə oynaması qarşılığında 1 milyon avro verilib. Bu xəbərə münasibətiniz necədi?

- Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Mətbuat işçisidi, amma təsdiqini tapmamış məlumatdı. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudu. Azərbaycan yığmasını seçməsi sevindirici haldı. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandı. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib.