AZAL tarixinin yeni antirekordunu müəyyənləşdirdi

Topaz Premyer Liqasının XXVI turunda səfərdə “Neftçi" ilə qarşılaşan AZAL mövsümdə 18-ci məğlubiyyətini alıb. Olimpsport.az xəbər verir ki, "Bakcell Arena"da 0:4 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da 12 illik tarixinin yeni antirekordunu müəyyənləşdirib.

Belə ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən "təyyarəçilər" bir turnirdə ən pis halda 17 dəfə uduzmuşdu. Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb. Lakin 3 il öncə AZAL daha çox - 36 matçda 17 məğlubiyyətə üzülüb.

2016/17 mövsümündə özünün antirekordunu artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalmaqla təkrarlayan Tərlan Əhmədovun komandası bu dəfə daha pis göstəriciyə imza atdı. Özü də daha az oyunda daha çox məğlubiyyət almaqla.

AZAL eyni zamanda cari mövsümdə 2-ci dəfə darmadağın olub. İlk belə ağır məğlubiyyət də səfərdə - IV turda "Qarabağ"la "Əlincə Arena"da alınıb - 0:6. 

Xatırladaq ki, AZAL-ın Premyer Liqadan düşməsi 2 tur öncə "İnter"ə səfərdə 1:2 hesabı ilə uduzduğu qarşılaşmada rəsmiləşib.