"Sumqayıt"ın futbolçusuna ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az xəbər verir ki, qurum üzvləri Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı və I Divizionla bağlı xoşagəlməz olaylara baxıb.

Ən ağır cəzanı "Sumqayıt"ın futbolçusu Nicat Muxtarov alıb. Belə ki, gənc yarımmüdafiəçi qırmızı vərəqə almadığı "Zirə" ilə ev matçı başa çatandan sonra FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunur (maddə 42.3). Həmin oyunda "Sumqayıt" 5 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərimələnib. Göründüyü kimi, "gənclik şəhəri"nin təmsilçisi 4000 manat ziyana düşüb. 

Qurumun digər qərarları aşağıdakılardı:

 Əvəzedici heyətlərin XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXIV turunun “Turan Tovuz” – MOİK matçında “Turan Tovuz” və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).

AFFA-nın kəsdiyi ümumi cərimə məbləği 4480 manat təşkil edib.