"O vəsiqəni əldə edəcəyik" - Davud Kərimi

"Kəpəz" son tularda inamlı çıxışı ilə diqqət çəkir. Ardıcıl ev oyunlarında rəqiblərini məğlub edən Şahin Diniyevin komandası son turda "Qəbələ"ni əliboş yola salaraq çempionluq şansının üstündən xətt çəkdi. Gəncə klubunun həm bu, həm də digər uğurlu matçlarda qapıçısı Davud Kəriminin inamlı çıxışının da böyük rolu var. Təcrübəli qolkiper uzun müddət "1 nömrə" olan livtalı həmkarı Tadas Simaitisi əsas heyətdən sıxışdırıb çıxaraq yerini möhkəmlədib. Olimpsport.az xəbər verir ki, Kərimi Sport24.az-a müsahibəsində həm öz, həm də komandasının uğurlu çıxışı ətrafında danışdı.   

- Premyer Liqamızın son turunda çempionluq uğrunda yarışan "Qəbələ"yə qalib gəldiniz. Ümumiyyətlə, son turlarda komanadınızın yaxşı oyununun səbəbi nədi?

- Son oyunlarda yaxşı toparlandıq. Evdə qələbələr qazandıq. Bu nəticələr göstərir ki, öz oyunumuzu tapmışıq. Komanda şəklində əla futbol oynayırıq. Bu həm qələbə gətirir, həm də izləyənlərə zövq verir.

- "Qəbələ"nin zəif çıxışını gözləyirdiniz?

- Hər iki komandaya qələbə lazım idi. Bunu biz də, onlar da yaxşı dərk edirdik. Sadəcə, komandamızda rəqibə nisbətən, istək daha çox idi. Hər qarış uğrunda mübarizə apardıq və qalib gəldik . Bu oyunda "Kəpəz"in futbolçuları da, azarkeşləri də sadəcə super idi.

- Matçın qəhrəmanlarından biri sən idin...

- Hər kəsə dəstəyə görə təşəkkür edirəm. Çox sağ olsunlar ki, mənə belə münasibət göstərirlər.

- Litvalı həmkarın Tadas Simaitis çıxış edərkən "Kəpəz"dəki qapıçı problemindən çox danışılırdı. Amma sənin gəlişinlə hər kəs qapıdakı inamlı çıxışından söz etməyə başladı...

- Hər bir qapıçının öz zamanı var. Qismət belə imiş və həm də mən əvvəlcədən hazır deyildi. Məşqlərdə çox çalışdım, formamı bərpa etdim və baş məşqçimiz Şahin Diniyev mənə güvəndi. Bunu da unutmayaq ki, Tadasın bu il səhvləri olsa da, keçən mövsüm komandaya çox kömək etdi.

- Gəl nəzərə alaq ki, Tadasın ardıcıl səhvləri səni əsas heyət üzvünə çevirdi. Geriyə baxanda deyirsən ki, kaş ki, əvvəldən qapıda dayanardım, bəzi şeylər başqa cür olardı?..

- Hər işdə xeyir var. Geriyə baxanda hər iki tərəfi fikirləşmək lazımdır. Əvvəl oynasaydım, bəlkə də pis olacaqdı. Zamanı gözləmək lazım imiş.

- Avropa Liqasına getmək şanslarınızı neçə faiz dəyərləndirirsən?

- "Zirə" ilə "Sumqayıt"a baxanda bizim şansımız azdı. Amma inanıram ki, az olan şansımızla Avropa Liqasına vəsiqə qazanacağıq. Buna azarkeşlərimizin də çox ehtiyacı var. O vəsiqəni əldə edəcəyik.

- Mövsümün ümumi mənzərəsi kənardan baxanda qanedici deyil. Bəs, Premyer Liqanın içində olan futbolçulara maraqlı gəldimi?

- Komanda sayının az olmasına baxmayaraq maraqlı çempionat idi. Çempionluq uğrunda sona iki tura qalmışa qədər gərgin mübarizə getdi. Ən əsası Avropa Liqasına son vəsiqə uğrunda mübarizə də davam edir. Bu vəsiqə uğrunda görün neçə klub yarışır?