“Verilən cəza ilə razıyıq" - Samir Abasov

“Verilən cəza ilə razıyıq. Söyüş olub ki, bu cür cəza tətbiq edilib”. Olimpsport.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov deyib.

 

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” ilə qarşılaşmadan sonra hakimlər briqadasını təhqir edən “Sumqayıt”ın futbolçusu Nicat Muxtarova 4 oyunluq cəza kəsib, klubu isə 3200 manat məbləğində cərimələyib.

 

Bununla bağlı münasibət bildirən Abasov yetirməsindən fərqli olaraq, apellyasiya şikayəti vermək fikrində olmadıqlarını söyləyib. O, Nicat Muxtarovun klub tərəfindən də cəzalandırılacağını sözlərinə əlavə edib: “Matçı idarə etmiş Əliyar Ağayevin həm hakimliyindən, həm də adamlığından həmişə razı olmuşam. Əliyar kimi insanın nəyisə düz etmədiyinə zərrə qədər də inanmıram. İşini təmiz görüb. AFFA İntizam Komitəsinin kəsdiyi cəzaya qarşı deyilik. Nicata biz tərəfdən daha pis cəza tətbiq ediləcək ki, ağlı başına gəlsin. Bu il məqsədimiz mövsümü ən intizamlı komanda kimi bitirmək idi. Sarı vərəqəmiz az idi, qırmızı vərəqəmiz, ümumiyyətlə, yox idi. Özünü nəzarətdə saxlamayan, komandamıza zidd hərəkət edən oyunçunu necə cəzalandıracağımı mən özüm bilirəm. Onun “Sumqayıt”dan göndərilib-göndərilməyəcəyini indidən deyə bilmərəm. Mövsümün başa çatmasına hələ 2 tur var. Amma bu uşaqla özümüz danışacağıq. Xoşagəlməz haldı. Sözün açığı, məsələni bu gün bilmişəm və mənə çox pis təsir edib. Çünki haqsız yerə söyüş söyüb, təhqir edib. Doğrudan da, həmin oyunda referiyə “5+” düşürdü. Ola bilər, emosiyalara, qapılıb. Amma hirsini cilovlamalı idi”.

 

Nicat Muxtarov əməkdaşımızla söhbətində söyüş söydüyünü etiraf etsə də, həmin sözləri hakimə yox, havaya dediyini qeyd edib. Lakin Abasov yetirməsinin belə bir haqqının da olmadığını vurğulayıb: “Səhv edib, havaya söyüb. Hava şəraiti də əla idi. Heç havaya söyməyə də haqqı yox idi. Bu, komandaya zidd hərəkətdi. Klub olaraq, özümüz də Nicat Muxtarovu cəzalandıracağıq”.