"Neftçi" PFK-nın muzey və fanşopunun açılış mərasimi olub

“Neftçi” PFK-nın muzey və fanşopunun təntənəli açılış mərasimi keçirilib “Neftçi” PFK 80 illik yubiley tədbirləri çərçivəsində növbəti layihələrini gerçəkləşdirib. Bu gün “Bakcell Arena”da klubun muzey və fanşopunun təntənəli açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayevlə yanaşı, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura üzvləri – Zaur Qəhrəmanov, Cəbrayıl Cəbrayılov, Mehdi Nəcəfov, Səməd Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, veteran futbolçular, “Neftçi” klubunun rəsmiləri və futbol ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Qonaqlar ilk olaraq yeni yaradılmış muzeydə “Neftçi”nin yaranma tarixi ilə bağlı maraqlı məlumatlar, şəkillər və həmin dövrlərə aid eksponatlarla tanış olublar. Girişdə klubun SSRİ çempionatlarında geyindiyi formalar və müstəqillik dövründə qazanılmış kuboklar (“Birlik kuboku”, çempionluq kuboku, ölkə kuboku) nümayiş etdirilib. Ziyarətçilər ikinci otaqda xalq komandasına dövlət qayğısı, Ulu Öndər Heydər Əliyevin “Neftçi”nin üzvləri ilə görüşü, prezident İlham Əliyevin komanda üzvlərini qəbul etməsi haqqında video və foto materiallarla tanış olublar. Daha sonra qonaqlara “Neftçi” fanşopu göstərilib. “Neftçi” PFK-nın muzey və fanşopu 01.05.2017-ci il tarixindən ictimaiyyətin ixtiyarına veriləcək. Muzey və fanşop oyun və bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Muzeyə girişin qiyməti 2 AZN olacaq. 7 yaşadək uşaqların girişi ödənişsizdir.