"Sumqayıt"la birlikdə avrokuboklara vəsiqə qazanmağı çox istəyirəm" - Fərhad Vəliyev

"Sumqayıt" futbol klubunun qapıçısı Fərhad Vəliyevin Olimpsport.az saytına müsahibəsi:

-"Qarabağ"da uzun müddət heyyətə düşməkdə çətinlik çəkirdin. "Sumqayıt"da isə mövsümün bütün oyunlarında 90dəqiqə meydanda oldun. Bu keçidin karyeran üçün doğru seçim olduğunu düşünmək olar? 

-Əlbəttə. Bildiyiniz kimi mən "Qarabağ"da etiyatda qalırdım. Mövsüm ərzində iki, üç oyuna çıxırdım. Amma "Sumqayıt"a keçəndən sonra sağ olsunlar məşqçilər mənə güvəndilər. Özüm də öz üzərimdə işlədim. Düşünürəm ki, stabil çıxışımla həm azarkeşləri, həm məşqçiləri razı saldım. Bu, o deməkdir ki, ehtiyatda qalmağım məni neçə il geri salıb. Bu yaxınlarda "Sumqayıt"la müqaviləmi uzatdım. Deməli çıxışımdan razı qalıblar ki, məni burada saxlayıb yeni müqavilə təklif etdilər.

-Hazırlıq prosesi necə gedir? Yeni mövsümün hazırlıqları üçün komandanın hansı planları var?

-Hazırlıq prossesinə iki gündür başlamışıq. Azərbaycanda iki yoldaşlıq görüşü nəzərdə tutulub. İnşallah gələn ayın ortaları Türkiyəyə yollanıb, yeni mövsümün hazırlıqlarını davam etdirəcəyik. Orada daha güclü komandalara qarşı yoldaşlıq oyunları keçirəcəyik.

-"Sumqayıt" yay transfer dönəmində çox fəaldır və heyyətini bir neçə futbolçu ilə gücləndirib. Komandanın qarşısına yeni mövsüm üçün hansı məqsədlər qoyulub?

-Komandanın qarşısına konkret hər hansı məqsəd qoyulmayıb. Rəhbərlik bizdən hər dəfə daha yaxşı oyun gözləyir. Məşqdən öncə də görüşümüz oldu. Onlar bizdən ötən mövsüm olduğundan daha yaxşı nəticələr gözləyirlər. Bizdən yalnız yaxşı oyun tələb olunur. Biz də əlimizdən gələni edib yüksək yerlər uğrunda mübarizə aparacağıq. Mən öz içimdə "Sumqayıt"la birlikdə avrokuboklara vəsiqə qazanmağı çox istəyirəm.

-Premyer Liqada maddi durumu nisbətən yaxşı olan klublar legioner qapıçılara etimad göstərirlər. Bunun səbəbi nədi səncə?

-Prespektivli, istedadlı yerli qapıçılar var. Sanki onlara inam azalıb. Düşünürəm ki, məşqçilər etimad göstərsə yerli qapıçılar öz sözünü deyə bilər. Amma risk etmək istəmirlər. Əsasən bizi avrokuboklarda təmsil edən klublarımız legioner qapıçıların xidmətindən yararlanırlar.

-Kamran Ağayev bir neçə aydır ki, klubsuzdur. Səlahət Ağayev də stabil çıxış etmir. Bu durumda milli komandanın əsas qapıçısı olmağa namizəd kimi hesab edirsən?

-Kamran çox güclü qapıçıdır. Təəssüf ki, Portuqaliyada onun üçün yaranmış şansdan istifadə edə bilmədi. Mənim fikrimcə o iddialı, güclü klublarda oynasa, formasını qoruyub saxlaya bilər. Onun hal hazırda klubsuz olması ilk növbədə özünə, sonra isə milli komandamıza zərbədir. Səlahət Ağayev də çox istedadlı qapıçıdır. Bildiyimə görə avrokuboklarda "İnter"in şərəfini qoruyub, yeni mövsümdən" Neftçi"nin sıralarına qoşulacaq. "Neftçi"də stabil çıxış etsə, millinin əsas qapıçısı ola bilər.

-Milli komandamız dünya çempionatının seçmə mərhələsində keçirdiyi son üç oyunda məğlub oldu. Komandamız bu mərhələdən sonra dünya çempionatına yollanmaq arzusunu reallaşdıra bilərmi?

-Ümid sonda ölür. Şimali İrlandiya ilə oyuna mən də baxırdım və komandamıza azarkeşlik edirdim. Çox təəssüflər olsun ki, son saniyələrdə buraxılan qol həlledici oldu. Bu, bizə çox pis təsir etdi. Rəqibin bir şansı oldu və onu qola çevirə bildi. Oyunun 75 dəqiqədən çox hissəsində komandamız topa nəzarət edirdi. Ruhdan düşmək olmaz. Futbolda belə şeylər olur. Mən düşünürəm ki, Azərbaycan millisi sərfəli nəticə əldə etməyə qadirdi. Ən azından qrup ikincisi ola bilməsə də mərhələni daha yaxşı mövqedə bitirə bilər.

-2017-2018-ci il mövsümü üçün avrokubokların ilk mərhələlərinin püşkü atılıb. Təmsilçilərimizdən hansı nəticələri gözləyirsən?

-"Qarabağ" və "Qəbələ"nin gücünə bələdəm. Düzdür, avrokuboklarda asan oyun olmur. Buna baxmayaraq bu iki klubun ilk mərhələni keçəcəyini düşünürəm." Neftçi" də həmişə bizi layiqincə təmsil edib. Təəssüflər olsun ki, bu il onlar öz hədəflərindən uzaq düşdülər. "İnter" və "Zirə"yə isə başabaş rəqib düşüb. Onların işi bir az çətin olacaq. Bütün komandalarımıza uğurlar arzulayıram. İnşallah həm Çempionlar Liqasında, həm də Avropa Liqasında qrup mərhələsi həyəcanı yaşayarıq.

-Bir neçə futbolçu var ki, məşqçilik kursları keçirlər. Hətta karyerasını bitirmədən də bu kurslara qoşulanlar var. Sənin gələcəyə dair planların necədir?

-Hələ ki, Allaha çox şükür oynamağa gücüm var. Nə vaxt karyeramı bitirsəm onda məşqçi kimi çalışmaq istəyirəm.

Sevinc MƏMMƏDOVA