"Hər iki nəticə ürəyimizcə oldu" - Elxan Məmmədov

“Oyun son dərəcə gərgin və maraqlı keçdi. Komandanın Avroliqada ilk dəfə çıxış etməyinə baxmayaraq, əzmkarlığı və peşəkarlığı nəticəsində istəyinə nail olaraq arzularımızı gerçəkləşdirdi. Bu nəticə “Zirə”nin yaxşı komanda olduğunu göstərməklə rəhbərlik tərəfindən yaradılan şəraitə uyğun olaraq oyuna yüksək hazırlaşdığını əyani surətdə təsdiqlədi. Ümid edirəm ki komanda növbəti qarşılaşmalarda da yaxşı nəticələrə nail olmaqla tarixini ilk Avroliqa oyunlarından başlayaraq zənginləşdirəcək”. Olimpsport.az saytının xəbərinə görə, bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu.


UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparan təmsilçilərimiz - “Zirə” və “İnter” ilk oyununu keçirdi. Hər iki matçın nəticəsindən razı qaldığını bildirən Məmmədov əlavə edib ki, “İnter”in səfərdə qazandığı nəticə də sevindiricidir.


“Müəyyən səbəblərdən komandanın son vaxtlar çətin vəziyyətə düşməsinə və 2 transfer dövrü üçün qadağanın qoyulmasına baxmayaraq keçirilən oyun və qazanılan qələbə ürəyimizcədi. Beləliklə, komandalarımızın beynəlxalq oyunlara yaxşı başlanğıcı AFFA rəhbərliyinin böyük sevincinə səbəb oldu” – deyə, baş katib vurğulayıb.


Qeyd edək ki, “Dalğa Arena”da Lüksemburqun “Differdange” klubunu qəbul edən “Zirə” 2:0, “İnter” isə səfərdə Serbiyanın “Mladost” klubuna 3:0 hesabı ilə qalib gəlib. (Apasport.az)