"Bakıya sadəcə qaçmağa gəlməmişik" - "Mladost"un baş məşqçisi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə Bakı “İnter” ilə qarşılaşacaq “Mladost”un baş məşqçisi Nenad Milovanoviç oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Olimpsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Əvvəlcə burda olduğumuz iki gün ərzində bizə göstərdikləri münasibətə, yaratdıqları şəraitə görə “İnter” rəhbərliyinə təşəkkür edirəm. Biz ilk dəfə avrokuboklarda iştirak edirik. Serbiyada orta səviyyəli klubuq. Bu, bizim üçün yeni təcrübədir. Bununla yeni komandalar tanımaq şansı əldə etdik. “İnter” güclü rəqibdir. Bu komanda daha təcrübəlidir. “İnter”in yaxşı 3 hücumçusu var - Rauf Əliyev, Nizami Hacıyev və Pərdis Fərcad-Azad. Onlar əks hücumlardan istifadə etməyi bacarırlar. İlk oyunda bizim də şanslarımız oldu. Lakin istifadə edə bilmədik. “İnter” ilk oyunda yaxşı nəticə qazanıb. Cavab oyununda doğma azarkeşləri qarşısında oynayacaqlar. Buna görə, onları favorit sayırıq. Biz isə sabahkı matçda Serbiya futbol məktəbinin gücünü ən yaxşı şəkildə göstərməyə çalışacağıq.

- Mərhələ keçməyə neçə faiz inam var?

- Bu futboldur. Dəqiq nə isə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, buraya meydanda elə-belə qaçmaq üçün gəlməmişik. Faizlə bağlı heç nə deyə bilmərəm.

- 0:3 hesablı məğlubiyyətdən sonra sizin Serbiyadakı rəqiblərinizdən “Napredak” “Facebook” səhifəsində komandanızı ələ salmışdı...

- Mən 3 il həmin komandanın baş məqşçisi olmuşam. Onlarla avrokubok uğrunda mübarizədə biz qalib gəldik. Yəqin buna görə ediblər. Lakin həmin komandanın azarkeşlərinin böyük əksəriyyəti avrokuboklarda bizi dəstəkləyirlər. Yəni bu cür fikirdə olanlar həmin komandanın azarkeşlərinin çox cüzi hissəsidir.

- Burada çoxlu serbiyalı futbolçu çıxış edib. Onlardan “İnter”lə bağlı məlumat almısınız?

- Bəzi futbolçulardan məlumat əldə etmişəm. Ancaq əsas məlumatı “instant”dan almışam.

- Oyunda iki erkən qol vursanız, bu, komandaya növbəti mərhələyə adlamaq üçün üstünlük verəcəkmi?

- Əlbəttə, belə olsa, bizim üçün daha yaxşı olar. Lakin “İnter” 3 mərkəz müdafiəçisi ilə oynayır. Ona görə, bu komandanın müdafiə xəttini yarmaq çox çətin olacaq.

- Sabahkı oyun üçün standart vəziyyətlər üzərində çalışmısınız?

- Qol vurmaq çox yaxşıdır. Fərqi yoxdur, bu, oyun və ya standart vəziyyətdən olsun. Bəli, bu cür vəziyyətlər üzərində çalışırıq. “İnter”in ilk oyunda vurduğu qollara gəldikdə isə, Skarlatake cərimə zərbəsindən çox gözəl qollar vurdu. Qapıçının bu zərbələri qaytarmaq şansı demək olar, yox idi. Rauf Əliyevin vurduğu qol isə, “Mladost”un son 15 ildə buraxdığı ən gözəl qol idi.