Millimiz pillə gerilədi

Bu gün açıqlanan FİFA reytinqində 76-cı pillədən 80-ci yerə enən Azərbaycan millisi 2017-ci ildə ilk dəfə geriləyib. Olimpsport.az xəbər verir ki, son cədvəllərdə ya mövqeyini qoruyan, ya da irəliləyən komandamız sonuncu dəfə ötən ilin noyabrında büdrəmişdi.

 

Həmin vaxt Robert Prosineçkinin yetirmələri 88-ci pilləni 90-cı yerə dəyişmişdi. Ondan sonrakı 7 ayda isə millimiz dayana-dayana, irəliləyə-irəliləyə inkişaf edirdi. Ümumilikdə isə yığmamız həmin 7 cədvəldə 14 addım irəli getmişdi. 3 dəfə mövqeyini yaxşılaşdıran, 4 dəfə isə yerində qalan yığma bu dəfə uğurlu seriyasını 8-ə çatdıra bilmədi.

 

Maraqlıdı ki, noyabrla indiki geriləmənin bir neçə ortaq cəhəti var. Hər iki halda milli “onluğ”un sonuna yuvarlanıb. Ötən il 90-cı, indi 80-ci yerə düşən komandamız hər iki halda eyni rəqibə uduzduqdan sonra bu taleyi yaşayıb. 8 ay əvvəl Belfastda Şimali İrlandiyanın vurduğu 4 cavabsız qol bizi 2 pillə geri salmışdı. Bu dəfə Bakıdakı 1 qol daha ağır – 4 addım geriləməklə nəticələndi.

 

Qeyd edək ki, növbəti cədvəl avqustun 10-da açıqlanacaq.