"Qarabağ" "Legiya"nın kapitanı ilə müqavilə imzaladı - RƏSMİ

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferini reallaşdırıb. Olimpsport.az xəbər verir ki, Ağdam klubu Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla ik illik müqavilə imzalayıb. 

Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra Polşanın köklü klublarından “Legiya”ya transfer olub. 30 yaşlı yeni transferimiz son 13 ili “Legiya”da keçirir. Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb. 

Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi "Qarabağ"da "52" nömrəli formayla mübarizə aparacaq.

Jezniçak keçidi haqda öz fikirlərini yeni klubunun saytına bildirib: “Azərbaycanın ən yaxşı komandasının - “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdı, çünki geridə qalan 13 ili “Qarabağ” kimi köklü klub olan “Legiya”da keçirmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdü. Yayda sabiq komandam “Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.