"Mənə göstərilən etimadı doğrultmağa çalışacam" - "Qarabağ"ın yeni transferi

2017/18-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı "Qarabağ" növbəti transferi reallaşdırıb. Olimpsport.az xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran klub uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. "Qarabağ" Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçiylə iki illik müqavilə imzalanıb.

Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Vild 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə “Alanyaspor” formasıyla 20 oyunda 4 qolla yadda qalıb.

2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib. Donald “Qarabağ”a transferi haqda klubun saytına danışıb:

“Qarabağ” ilk gündən mənə öz ailəm kimidir, sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır, bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.