"İnter"in stadiondan çıxarılması gözlənilməz oldu" - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov “İnter” – “Mladost” oyunundan sornra jurnalistlərin suallarını cavablandırıb.

Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Komandalarımız Avroliqanın ilk mərhələsində 4 oyunda 4 qələbə qazandılar. Belə başlanğıc gözləyirdinizmi?

- Hər iki komanda bizi çox sevindirdi. Əslində keçən oyundakı qələbələrdən sonra bu nəticələri gözləyirdik. Ümidlə hazırlşamışdıq. “Zirə”nin də səfərdə qələbə qazanması çox xoş oldu. Gözəl uğurdu, sevindirici haldı. Gələn həftədən qoşulacaq “Qarabağ”a və “Qəbələ”yə uğur arzulayıram.

 

- “İnter”dən danışarkən stadion məsələsi yada düşür. Komandanın aqibəti necə olacaq?

- Sözün açığı, bununla bağlı deyəcəyim çox şey yoxdu. Bizim üçün də gözlənilməz oldu. Ancaq əsas odur ki, biz çıxış yolu tapdıq. “İnter” komandası “Dalğa Arena”da məskunlaşacaq. Uşaq komandaları isə çox güman ki, Olimpiya Stadionunda hazırlaşacaqlar.

 

- Milli ilə “İnter”in məşq vaxtları eyni zaman düşsə, necə olacaq? Mane olmayacaqlar bir-birilərinə?

- Təbii ki, mane olacaqlar. Ancaq biz gərək cədvəli elə quraq ki, komandalar bir-birilərinə mane olmasınlar. Bu günə olan vəziyyətdə hələ ki, qarışıqlıq görünmür. Milli komandanın ilk hazırlığı da avqustdadı. O vaxta kimi yoluna qoyacağıq.

 

- Bura artıq tam olaraq “İnter”in olur?

- Tam deyil, şərikli.

 

- Ad dəyişməyəcək ki?

- Xeyr, “Dalğa Arena” olacaq yenə.

 

- “Şəfa”nın adı necə olacaq? Yəni o arenaya nə ad veriləcək?

- O sualla “Aqrarkreditbank” və “Beynəlxalq Bank”a müraciət etmək lazımdı.

 

- AFFA-da işçilər arasında dava olması haqqında xəbərlər yayıldı mətbuatda...

- Bu məsələ barəsində nəsə demək istəmirəm. Yalan məlumat yaymışdılar. Heç kim dava etməyib. Mübahisə hər iş yerində olur. Normal haldır. Kiçik mübahisə olmuşdu, onu da həll etdik. Heç kim işdən çıxarılmayıb. Ərizə yazan olub, ancaq heç kim çıxarılmayıb.

 

- Robert Prosineçki görünmir son günlər...

- Robert Prosineçki tətilə gedib. Bildiyiniz kimi, övladları burda təhsil alırdılar. Onlarla birlikdə dincəlir. Ancaq bizdən cədvəli alıb. Bəzi səfər oyunlarına getməyi planlaşdırır.

 

- Millinin baş məşqçisi ilə yeni müqavilə olacaqmı? Yoxsa yeni çalışdırıcı axtarırsız?

- Biz bu məsələ ilə bağlı oktyabrda danışıqlar aparacağıq. Düşünürəm ki, tez başlamaq olmaz.

 

- Sentyabrdakı qoşa oyunlardan əvvəl hansısa yoldaşlıq matçı gözlənilirmi?

- Heç bir oyun olmayacaq. Çünki həmin vaxt milli çempionat davam edəcək. Milli Bakıda toplaşacaq, oyuna iki gün qalmış Norveçə yollanacaq, oyun gecəsi də geri vətənə dönüb növbəti matça hazırlaşacaq. (apasport.az)