"Meydana çıxanda bu cür problemləri paltardəyişmə otağında buraxmalısan" - Elnur Abdullayev

Avropa Liqasının I təsnifat mərhələsində “Mladost”u (Serbiya) mübarizədən kənarlaşdıran “İnter” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin müsahibəsi.

 

- Mərhələni maksimum nəticə ilə keçmək necə hissdi?

- Hər iki görüşdə qapımızdan top buraxmadan qələbə qazansaq belə, “Mladost” güclüdü. Komanda yoldaşlarıma sonadək mübarizə apardıqlarına, “vuruşduqları”na, meydanda ürəklərini qoyduqlarına görə təşəkkür edirəm. Çətinliklərimiz olsa da, dayanmaq fikrimiz yoxdu, uşaqlar da ruhdan düşməyiblər.

 

- İlk dəqiqələrdə oyuna daha çox rəqib nəzarət edirdi. Bu, baş məşqçinizin ssenarisi idi?

- Səfərdəki qarşılaşmada qələbə qazandığımızdan bunu gözləyirdik. Bilirdik ki, rəqib start fitindən dərhal sonra hücuma atılacaq. Təxminən ilk 10 dəqiqə tamamilə onların üstünlüyü şəraitində keçdi. Ancaq qolu vaxtında vurduq ki, bu da oyunun taleyini həll etdi. Rəqib futbolçunun qırmızı vərəqə almasından sonra artıq hər şey aydınlaşdı. İkinci hissədə say üstünlüyündən xeyrimizə istifadə etdik.

 

- Növbəti rəqib Lüksemburqun “Fola” klubudu. Amma Moldova təmsilçisi “Milsami”nin Bakıya gələcəyinə inananların sayı daha çox idi...

- Sizə bir fakt deyim, “Mladost” həm “Fola”, həm də “Milsami”dən daha güclüdü. Klublarımızın rəqibləri arasında ən güclü Serbiya təmsilçi idi. Ancaq “Fola”ya da hörmətlə yanaşmalıyıq. İstənilən halda, rəqib rəqibdi.

 

- “Fola” mərhələ adlasa da, “İnter” bu rəqibi də mübarizədən kənarlaşdırmalıdı...

- Öncə “Zirə”ni Lüksemburqun gümüş medalçısı “Differdajn”ı mübarizədən kənarlaşdırması münasibətilə təbrik edirəm. İndi zəif rəqib yoxdu. Onlara da, özümüzə də uğurlar arzulayıram.

 

- Klubla bağlı problemlər də səngimir. “İnter Arena”nın klubun əlindən alınması xəbəri futbolçulara necə təsir edib?

- Bunu eşitmişik, amma reallıqdan xəbərimiz yoxdu. Çünki son günlərə qədər bu arenadan istifadə edirdik. Həm də meydana çıxanda bu cür problemləri paltardəyişmə otağında buraxmalısan, yoxsa meydanda nə edəcəyini bilməyəcəksən. Yəqin ki, klub rəhbərliyi lazım olan addımı atacaq.

 

- Komanda bundan sonra Mərdəkandakı “Dalğa Arena”da məskunlaşacaq. Hər gün bu qədər məsafə qət etmək, üstəlik, azsaylı azarkeşlərin itirilməsi yormayacaq sizi?

- Bu bizim həll edəcəyimiz məsələ deyil. Klubla müqaviləmiz var. Harada desələr məşqimizi keçəcəyik. Hər birimiz peşəkar futbolçuyuq. Üzərimizə düşəni meydanda görməliyik. Başqa məsələlər haqda düşünməyin faydası yoxdu. (Apasport)