Futbol üzrə Azərbaycan çempionatının 2017/2018-ci illər mövsümünün püşk atma mərasimi keçirilib

   Bu gün Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında reallaşan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov, klub nümayəndələri, Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri iştirak etdilər. Tədbiri açıq elan edən Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Deparatamentinin rəhbəri Aslan Şahgəldiyev qonaqları salamladıqdan sonra sözü Ramin Musayevə verdi. PFL prezidenti çıxışı zamanı bir sıra maraqlı məqamlara toxundu: “Dünən “Qarabağ” uğurlu çıxış edərək, Çempionlar Liqasının pley-off mərhələsinə adladı. İnşallah, “Qəbələ” də sabah xalqımızı sevindirər. Növbəti mövsüm Topaz Premyer Liqasında iştirak edəcək komandalara da uğurlar arzu edirəm. Bu il Premyer Liqada “Səbail” debüt edəcək. Onlara uğurlar arzulayıram. Püşkatmadan öncə bəzi dəyişikliklər barədə danışmaq istəyirəm. Belə qərara gəldik ki, dünya təcrübəsində olduğu kimi, bizdə də 5 çempionluğa 1 ulduz verilsin. Topaz Premyer Liqasında limit keçənilki kimidir. Sadəcə, 1994-cü ildə doğulan futbolçuları 1996-cı il təvəllüdlü oyunçular əvəz edəcək”. Ramin Musayev hazırda təmiri davam etdirilən Gəncə stadionundan da söz açdı: “Ötən il “Kəpəz”in stadionu ilə bağlı çox şikayət oldu. Lakin hazırda Gəncə şəhər stadionunda geniş təmir, yenidənqurma işləri görülür. Düşünürəm ki, I dövrənin sonuna kimi arena təhvil veriləcək. Digər klublardan xahişimiz var ki, I dövrədə “Kəpəz”in qonağı olacaq komandalar güzəştə getsinlər. Onlar hansı stadionu seçəcəklərsə, məcburuq ki, oyunları orda baş tutsun. “Kəpəz” klubu ev meydançası kimi ya Tovuzdakı stadionu, ya da Bakıdakı arenalardan birini seçəcək”. Ramin Musayev icarəyə verilən futbolçuların müqavilə ilə məxsus olduğu kluba qarşı oynayacağını da sözlərinə əlavə etdi: “Yeni mövsümdən etibarən hansısa klub oyunçusunu digər kluba icarəyə verəndə daha onu özünə qarşı oynatmamaq tələbini irəli sürə bilməyəcək. PFL bununla bağlı məktub qəbul etməyəcək. Ya icarəyə vermə, ya da verirsənsə, onun sənə qarşı oynamasına mane olma. Çünki klubların, oyunların sayı azdı. Həmin icarəyə verilən futbolçu isə daha çox oynamalı, təcrübə qazanmalıdı”. PFL prezidenti eyni zamanda I Divizionla bağlı sualı da cavablandırdı: “Bizə zəmanət məktubu verən klub I Diviziona buraxılacaq. Bu yarışın gedişində baş verə biləcək neqativ halları aradan qaldırmaq üçündür”. Qeyd edək ki, püşkatma zamanı I turun cütləri müəyyənləşdi. Çempionatın tam təqvimi isə yaxın günlərdə açıqlanacaq. 

Pfl.az