Dünya çempionatında güləşçilərimizdən hansı nəticə gözlənilir? Yenilənir...

Bu ayın 21-i Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı start götürəcək. Ölkəmizin güləşsevərləri bahadırlarımızın dünya çempionatında çıxış edəcəkləri anları səbrsizliklə gözləyirlər. Əlbəttə, bu yarışı heç də hamı bir mənalı şəkildə səbrsizliklə gözləmir. Yarışın nəticəsindən asılı olaraq,  dərhal üç mühüm strateji tərəf nəticəyə ciddi reaksiya göstərəcək. Bu əsas üç tərəf idman sahəsində həmişə olduğu kimi koordinasiya rolunu oynayıb. Yəni istənilən halda hadisələri öz oxu ətrafından həm çıxara, həm də qaytara bilər.  Bu strateji tərəflər federasiya rəhbərliyi,media və ictimaiyyətdir. Güləşçilərin məlum etiraz tədbirlərindən sonra media və ictimaiyyət iki yerə bölünüblər. Bəziləri güləşçiləri haqlı,bəziləri isə haqsız hesab edirlər. Federasiya tərəfi isə, hadisələrə çox sakit və arxayın reaksiya verdi. Yəni media və ictimaiyyətin təzyiqi federasiyanın iş strukturuna mane ola bilmədi. Bir sözlə, federasiya baş verən olayları öz nəzarəti altına almağı bacardı. Hazırda güləşçilərlə federasiya arasındakı münasibətlər əvvəlki qaydada davam edir.  Düzdür, pərdə arxasında söz-söhbətlər bəlkə də davam edir. Reallıqda isə sakitçilikdir. Yığma komandalar bu ərəfələrdə dünya çempionatına hazırlıqlarını peşəkar səviyyədə davam etdirirlər. Onu da qeyd edək ki,  yuxarıda da dolayısı ilə toxunduğumuz tərəflər bu sükutu dünya çempionatının nəticəsindən asılı olaraq yenə poza bilərlər. Əgər güləşçilərimiz aşağı nəticə göstərsələr, dərhal media və ictimaiyyət güləş federasiyasına qarşı hücuma keçəcəklər. Baxmayaraq ki, baş məşqçilər heyətə ən ideal güləşçiləri cəlb ediblər. Hətta demək olar ki,  bəzi çəkilərdə idman azarkeşlərimizin yaralı yeri olan legionerlər heyətə cəlb olunmayıb. Ola bilsin ki, həmin legioner yerli idmançıdan güclüdür,ama baş məşqçilər milli təəssübkeşlik edərək yerli idmançıya şans veriblər. Belə çəkilərdən biri sərbəst güləşdə 57 kq dır. Bu çəkidə yığmamızda rəqabət böyükdür. Təsəvvür edin, son Avropa çempionu Georgi Edişeraşvili heyətdən kənarda qalıb.  Onun əsas rəqibi,gənclər arasında dünya çempionu,islamiadanın qalibi Mahir Əmiraslanov  məşqçilərin etibarını qazanaraq Parisdə xalça üzərinə çıxacaq. Düzdür, Mahir gürcü əsilli idmançımızı son beynəlxalq turnirdə məğlub edə bilib. Ama mütəxəssis rəyi ilə məsələyə yanaşsaq, qitə çempionatı daha nüfuzlu yarış hesab olunur ki, Georgi rahat şəkildə Avropanı fəth edə bildi. Edişeraşvilinin təcrübəsi də dünya çempionatında faydalı ola bilərdi. Ama Mahirdən də medal gözləmək olar. Hələ ki,cavandır,istəklidir, enerjilidir. Dediyimiz odur ki, məşqçilər milli maraqları da nəzərə alıb jest ediblər. 61 kq da komandamızın şərəfini qoruyacaq iki qat dünya çempionu,Olimpiya mükafatçısı Hacı Əliyev bəlkə də millinin qızıl medal qazana biləcək ən real favoritidir.  Bundan əlavə baş məşqçi Firdovsi Umudov 65 kq çəki dərəcəsində də yerli idmançı,son Əli Əliyev turnirinin qalibi  Ağahüseyn Mustafayevə güvənib. Ağahüseyn Mustafayev üçün dünya çempionatında iştirak etmək əla bir fürsətdir. İdmançımızın özünə inamı olsa, ilk üçlüyə düşə bilər. 23 yaşlılar arasında sonuncu Avropa çempionu Hacımurad Ömərov 70 kq çəki dərəcəsində mübarizə aparacaq. Bu idmançıdan böyük nəticə gözləmək o qədər də real görünmür. Karyerasının son dövrlərinə qədəm qoyan Cəbrayıl Həsənov həmişə olduğu kimi 74 kq da qüvvəsini sınayacaq.  Cəbrayıl Həsənov milli komandanın ən təcrübəlilərindən hesab olunur.  Cəbrayıl Həsənovun dözümü çatdırsa, ustalıq və təcrübə hesabına ən azı finala yüksələ bilər.  Düzdür, O, islamiadada uğursuz nəticə göstərib.  Buna baxmayaraq Cəbrayıl Rio Olimpiya Oyunlarında bürünc medal qazanıb və bu vaxtdan cəmi bir il ötüb.Aleksandr Qostiyev də komandamızın veteran idmançılarındadır. Qostiyevin də finala qədər irəliləməsi inandırıcı görünmür.  Ən yaxşı halda bürünc medal qazana bilər. 86 kq çəki dərəcəsində mübarizə aparacaq Aleksandr ölkə daxilində güclü rəqabətlə üzləşməsə  də dünya səviyyəsində kifayət qədər ona qarşı rəqabət aparacaq güclü rəqiblər var. Eyni fikirləri 97 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək Aslanbəy  Alborov haqqında da demək olar. Uzun illərdən bəri ilk dəfə olaraq 125 kq çəki dərəcəsində ölkəmizi heç bir idmançı təmsil etməyəcək. Bu çəkidə Cəmaləddin Məhəmmədov zədə səbəbindən yarışa aparılmır. Onu əvəzləyəcək və dünyanın ən güclüləri qarşısına çıxacaq layiqli idmançı olmadığından komanda rəhbərləri belə qərar verib.  Burda qaranlıq bir məqam da ola bilər.  Ola bilsin ki, Cəmaləddin Məhəmmədov yenidən doğma Rusiyanın şərəfini qorumaq arzusuna düşsün. Bəlkə də O, zədə adı ilə dünya çempionatında iştirak etməkdən yayınıb. Çünkü, bir ölkədən başqa bir ölkəyə keçib həmin ölkənin şərəfini qorumaq üçün gərək bir müddət Dünya Güləş Birliyinin təqvimində olan yarışlardan imtina edəsən. Əlbəttə ki, bu bir ehtimaldır. Ama son vaxtlar Azərbaycan güləşində yaranan bəzi maliyyə problemi bunun real olmaq ehtimalını da artırır. Ola da bilsin ki, yaxın zamanlarda güləş federasiyasının maliyyə imkanları əvvəlki qaydasına düşəcək və ağır çəkili idmançımız ehtimal olunan qərarından vaz keçsin. Bir amili xüsusi vurğulamaq lazımdır ki,baş məşqçi Firdovsi Umudov məlum etiraz tədbiri olaylarından sonra yığma komandada nizam-intizam yaratmağı bacara bildi. Firdovsi Umudov və məşqçilər heyəti komandanı tam nəzarət altına alaraq təlim-məşq toplanışını maksimum dərəcədə keyfiyyətli keçirmək üçün əllərindən gələni etdilər. Qalır sərbəst güləşçilərimizin özlərindən asılı olan qələbə əzmini ortaya qoymaq.

Yunan-Roma yığmamızın heyətində cəmi bir legioner olması olduqca sevindirici haldır.  Onsuzda ən yaralı yerimiz olan ən ağır çəkidə yerli idmançı tapmaq müşkül məsələdir.130 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək Rio olimpiadasının bürünc medal sahibi Sabah Şəriəti ən ideal seçimdir. Ümumiyyətlə yunan-Roma güləşçilərimizin hər birindən medal gözləmək olar. Taleh Məmmədov (57-kq),Rəsul Cunayev (71-kq),Həsən Əliyev (75-kq),Elvin Mürsəliyev (80-kq) və Sabah Şəriəti təcrübələri hesabına medal qazana bilərlər. Rəsul Cunayevin adı son hadisələrdə çox hallandığından, psixoloji cəhətdən xalça üzərinə hansı formada çıxacağı nəticəyə təsir edə bilər. Hər bir halda Rəsul bu çəkinin favoritidir. Eyni zamanda 71 kq Cunayev üçün həm doğma çəkidir, həm də bu çəkinin dünya çempionudur. Əsas odur ki, Rio Olimpiya Oyunlarında olduğu kimi çəki salmaq problemi ilə üzləşməyəcək. Haşiyəyə çıxıb bir amili xüsusilə vurğulamaq lazımdır ki, güləşçilərin etiraz tədbirindən sonra onlara qarşı təzyiq edən bəzi qüvvələri ələ ala bildilər.  Onlar şəraitsizliyi və istənilən səviyyədə dünya çempionatına təlim-məşq toplanışı keçmədiklərini əsas gətirərək ictimaiyyəti inandıraraq özlərini bir növ məğlub olacağı halda təzyiqlərdən sığortaladılar. Yəni güləşçilərimiz əvvəlki yarışlara nisbətən məğlub olacaqları halda nələrin baş verdiyini çox düşünməyib "biz qabaqcadan sizi xəbərdar etmişdik" prinsipi ilə Parisdə özlərini bir qədər rahat hiss edəcəklər. Bu düşüncə peşəkar prinsiplərə zidd olsa da, bəzən də idmançıların işinə yarayır. Həsən Əliyev ilk dəfə olaraq 75 kq da mundialda qüvvəsini sınayacaq. Son illər Həsən Əliyev Rəsul Cunayevlə ciddi rəqabət aparır. Bəlkə də məşqçilər iki güclü güləşçinin potensialından maksimum yararlanmaq üçün Həsən Əliyevi bir çəki yuxarı yazıblar. 80 kq da mübarizə aparacaq Elvin Mürsəliyevi güləşsevərlər mötəbər yarışların ən şanslı güləşçilərindən sayırlar. Ama bu fikir hardasa yalnış ola bilər.  Əslində Elvin xalçaya psixoloji cəhətdən çox rahat köklənib çıxır. Belə olan halda istənilən idmançı öz gücündən maksimum istifadə edib nəticə qazana bilər.  Kamran Məmmədov (66-kq),İslam Abbasov (85-kq) və Orxan Nuriyev (98-kq) dünya çempionatının sürpriz idmançıları ola bilərlər. Hər üç idmançı yüksəliş dövrlərini yaşayırlar.Ümumiyyətlə, yunan-Roma güləşində dünya miqyasında çəkilər üzrə tez-tez yeni ulduz idmançılar peyda olur. Bu da həmin növün sərbəst güləşlə müqayisədə dünyanın çox  ölkələrində eyni səviyyədə rəqabətin olduğundan irəli gəlir. Tutaq ki, sərbəst güləşdə Rusiya,Azərbaycan, İran,Amerika,Türkiyə,Gürcüstan,Kuba arasında rəqabətdə  favorit idmançılar peyda olursa, yunan-Roma güləşində isə təkcə Avropa qitəsinin əksər ölkələrində bu rəqabət gedir.