"Rio-2016"da Azərbaycanı bu növdə heç bir idmançı təmsil etməyəcək.

Azərbaycan ağırlıqqaldıranlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazandığı daha 3 lisenziyası əlindən alınıb.
 
 
Olimpsport.az-ın məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) olimpiadada iştirak üçün kvota verdiyi ölkələr siyahısından Azərbaycanın adını çıxarıb.
 
Buna ölkənin 6 atletinin 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi səbəb olub. Bir müddət əvvəl İWF-nin Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Konqresində Azərbaycanın aktivindən 1 kişi, 1 qadın idmançını çıxarmışdı. Belədə ölkəmizin 3 lisenziyası qalmışdı. Lakin beynəlxalq qurum yeni qərarla ağırlıqqaldıranlarımızı qalan lisenziyalardan da məhrum edib. Beləliklə, "Rio-2016"da Azərbaycanı bu növdə heç bir idmançı təmsil etməyəcək. 
 
Qeyd edək ki, dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.