Yığmamızın səfər planına aydınlıq gəldi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və San-Marino ilə qarşılaşacaq millimiz hazırlığını davam etdirir.
 
2 gün öncə bir araya gələn kollektiv “Dalğa Arena”da məşq edir.
 
Baş məşqçi Robert Prosineçki gündə 1 məşq keçməyi lazım bilir. Xorvatiyalı çalışdırıcının dəvət göndərdiyi 25 futbolçunun hər biri hazırda yığmanın düşərgəsindədi. Legioner həyatı yaşayan oyunçular - Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Dmitri Nazarov (“Aue”, Almaniya), Araz Abdullayev (“Anortosis”, Kipr), Ramil Şeydayev (“Jilina”, Slovakiya) və Renat Dadaşov (“Ayntraxt”, Almaniya) da Prosineçkinin sərəncamındadı.
 
Millimiz Bakıdakı toplanışı bu gün yekunlaşdıracaq və sabah Osloya yola düşəcək.
 
Qeyd edək ki, sentyabrın 1-də Norveçin qonağı olacaq yığmamız ayın 4-də San-Marinonu qəbul edəcək.