Rüstəm Orucov: “Uşaqlıq arzumu yerinə yetirdim” - VİDEO

"Uşaq olan zaman Yay Olimpiya Oyunları barədə fikirləşmirdim. Həmişə deyirdim ki, dünya çempionatında yer tutum. Lakin həm olimpiya mükafatçısı oldum, Avropa çempionu adını qazandım. İndi isə Budabeştdə uşaqlıq arzumu yerinə yetirdim”. 
 
Olimpsport.az-ın məlumatına görə, bunu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medal qazanan Rüstəm Orucov (73 kq) deyib. 
Avropa Cüdo Federasiyasının kanalına müsahibə verən 26 yaşlı cüdoçu medal qazanmasını yarışa ciddi hazırlaşamı ilə əlaqələndirib.  O, yarımfinalda cənubi koreyalı Çanqrim Anı məğlub edən zaman emosional davranmasında da aydınlıq gətirib: "Finala vəsiqə qazanmaq üçün koreyalı idmançı ilə qarşılaşdım. Daha əvvəl ona 2 dəfə məğlub olduğum üçün qələbə qazanan zaman çox emosional davrandım, özümü saxlaya bilmədim. Yarışa ciddi hazırlaşmışdıq. Ona görə də indi çox yaxşı formadayam. Düzdür, bir-iki zədəm olsa da, onlar məni narahat etmədi və nəticədə medalsız qalmadım”. 
 
R.Orucov finalda yaponiyalı Soiçi Haşimotoya uduzmasından da söz açıb. O, bildirib ki, rəqibinə yeni qaydalara əsasən uduzub: "İlk dəfə yıxılanda, orada xal olduğunu hiss etmədim. Lakin təkrara baxandan sonra gördüm. Təzə qaydala əsasən vazari xalı verilir. Ona görə razılaşdım. Məncə, hakim vazari verməsəydi, başqa cür olardı”.
 
Qeyd edək ki, Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və həmin ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatının qalibidir.