Robert Prosineçki: "Rəqib qələbəyə layiq idi"

"İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, komandam son oyunlardakı çıxışını göstərə bilmədi. Rəqibdə daha çox istək var idi, bizdən üstün idilər. Bu gün bizim günümüz deyildi. Bir neçə şansımız olsa da, rəqib bizdən çox üstün idi. Ona görə də qələbəyə bizdən çox layiq idilər. 3 gündən sonra bizi növbəti oyun gözləyir. San Marino ilə matça hazırlaşacağıq". 
 
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib.
 
- Namiq Ələsgərovla Mahir Mədətovu start heyətə sürətli oyun istəyilə saldığınızı demişdiniz. Sürətli oyun istəyiniz niyə alınmadı, alındısa, razı qaldınızmı?
- Bəli, istədiyimi onlardan hardasa gördüm. Problem onda idi ki, çoxlu səhvlərə yol vermişik və asanlıqla toplar itirmişik. Qolları penaltidən və avtoqolla buraxdıq. Bugünkü məğlubiyyətin səbəbi çoxlu səhvlər idi. Belə səhvləri Norveç kimi komanda bağışlamır. Bizim də qol şanslarımız var idi. Amma istədiyimiz oyunu komandam sərgiləyə bilmədi. 
 
- Penaltiyə səbəbkar olan və qırmızı vərəqə alan Bədavi Hüseynovun çıxışını necə dəyərləndirərdiniz: Zəif oyunu fiziki cəhətdən çatdırmaması ilə bağlı deyildi?
- Bu gün Bədavinin günü deyildi. Futbolda oyunun alınmadığı hallar olur. Amma məsələ təkcə onda deyil. Çoxlu top qəbulundan sonra hücuma keçərkən ötürmələrdə səhvlərə yol vermişik. Yüngül top itkilərindən rəqib istifadə edirdi. İlk yarı qolsuz bitsəydi, matç başqa cür alına bilərdi. Rəqib şanslarından yararlandı. 3 gündən sonra Bədavinin mövqeyində kimin oynayacağına məşqlərdən sonra qərar verəcəyəm.