Mahir Mədətov: "Onu Qurban Qurbanovdan soruşun" - MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Mahir Mədətov 2019-cu ildə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda İrlandiya yığması 1:3 hesabı ilə uduzduqları oyundan sonra brifinqdə iştirak edib. Jurnalistlərin suallarını cavablandıran gənc hücumçu hesabın oyuna görə olmadığını bildirib.
 
- Oyuna yaxşı başladıq. Deyərdim ki, qapıçımızın səhvi üzündən hesabda geri düşdük. Heç kimi günahkarlandırmaq istəmirəm, bu, futboldur. Amma ruhdan düşdük. Daha sonra müdafiədə səhvlər etdik, asan qollar buraxdıq. Hesab oyuna görə olmadı.
 
- Komandanın fərdi səhvlər ucbatından uduzduğunu demək olar?
-  Bəli, sizinlə razıyam. Qapıçının da səhvi oldu, müdafiə xəttimiz də zərbənin vurulmasına imkan yaratdı. Heç kəsi qınamaq istəmirəm. Oyundur, normal bir haldır.
 
- Millidə legionerlərin sayı çox olsa da, nəticə yoxdur. Hamıda belə fikir var ki, əgər uduzuruqsa, bizə legioner futbolçu nə üçün lazımdır?
- Mənim bu barədə nəsə deməyim doğru olmaz. Bu, baş məşqçinin qərarıdır.
 
- Əsas milli komanda ilə Norveç səfəri, dünən Bakıda San Marino ilə oyun və bu gün keçirilən qarşılaşma. Özünü yorğun hiss edirdin? Fiziki cəhətdən çatışmazlıq vardı?
- Ən azından sevindim ki, oyun təcrübəm artdı. Komandaya kömək edə bildim.
 
- Ötən il də U-21-də çıxış etdin. Həmin komanda ilə inidiki heyəti müqayisə etdikdə hansının daha güclü olduğunu deyə  bilərsən? Bu oyunçularla gələcəkdə nəyəsə ümid etmək olar?
- Yenə də deyirəm ki, hesab oyuna görə olmadı. Uşaqlar yaxşı oynadılar. Sadəcə, fərdi səhvlər ucbatından uduzduq.
 
- İkinci hissədə zədələndikdən sonra oyuna davam edə bilmədin, əvəzləndin...
-  Çalışdım ki, davam edim, ancaq dizimdəki ağrılar imkan vermədi.
 
- Qolu vurduqdan sonra çox arxayın idin. Fərdi oyuna üstünlük verdin və demək olar ki, hamısı uğursuz alındı. Ancaq topu itirməklə yadda qaldın.
- Oyunu öz üzərimə götürmək istədim. Çalışdım ki, fayda verə bilim.
 
- Baş məşqçi Yaşar Vahabzadə mətbuat konfransında bildirdi ki, ölkə çempionatında çoxunuz limitə görə oynayırsınız və zəif təsir bağışlayırsınız. Hücumda bircə Mahir Mədətov çıxış edir. Səncə, limitin faydası var?
- Onu Qurban Qurbanovdan soruşun (gülür). Mənə bu haqda danışmaq hələ tezdir. Limit yaxşı şeydir. Mənfi təsiri olduğunu düşünmürəm. Öz oyunumu sərgiləyirəm.