"Qarabağ"ın yeni transferi Bakıda: "Əlimdən gələni edəcəyəm"

“Qarabağ”ımızın yay transfer pəncərəsində heyətinə qatdığı Pedro Enriko artıq Bakıya gəlib.
 
Yeni futbolçu kluba keçidi və gələcək hədəfləri haqda klubun rəsmi saytına açıqlamasında bildirib:
 
“Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Bakı da olduqca gözəl şəhərdir. Klubun bazasıyla tanış oldum, burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl də Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi.
 
“Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim.
 
“Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də bura öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.