Orxan Sadıqlı Diniyevi təbrik etdi: "Bu cür səhvləri Noyer də, Buffon da edir"

"İnter"in qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının IV turunda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəldikləri ev matçından sonra müsahibə verib.

- Oyun haqda nə deyə bilərsən?

- Matça yaxşı başladıq. Evdə oynadığımızdan, tez qol vurmağıa istəkli idik. İstədiyimiz kimi də oldu. İlk 30 dəqiqədən sonra hesabda 3:0 irəlidə idik. Sadəcə, sonra 2 elə qol buraxdıq ki...

- Bu, nəylə bağlı idi?

Fikrimcə, bu, arxayınçılıqdan irəli gəldi. "Kəpəz" qollardan birini standart vəziyyətdən vurdu, digərini isə mən irəli çıxdığıma görə. Amma fasilədən sonra toparlanmağı bacardıq. Qol vurmasaq da, top da buraxmadıq. Komandamızı qələbə münasibətilə təbrik edirəm. Qarşıdakıoyunlara hazırlaşacağıq. 

- İkinci qol sənin səhvindən vuruldu. Həmin epizodda irəli çıxmağa ehtiyac var idi?

- Həmişə irəli çıxıram. Sadəcə, Kərim Diniyevin zərbəsi yaxşı alındı. Kərimi təbrik edirəm, gözəl qol vurdu. Özümə gəlincə, bir də belə səhv olmaz. Amma bu cür səhvləri məşhur qapıçılar - Noyer də, Buffon da edir. Bir səhvə köklənmək lazım deyil. Bu, artıq keçmişdə qaldı. Səhvdən nəticə çıxarmalı və bunun növbəti oyunlarda təkrarlamamalıyam. 

- Bu səhvə görə sənə irad bildirən oldu?

- Xeyr. Əksinə, sağ olsunlar, dəstək oldular. Yerimdə başqa qapıçı da olsaydı, məncə, eyni şeyi edərdilər. Fasilə ərəfəsi olduğundan, istər-istəməz psixoloji təsir ola bilərdi. Komandamıza minnətdarlıq edirəm. İkinci hissədə vuruşaraq qələbəni qoruya bildik. 

- Bu səhvin özünə təsiri hələ də qalıb?

- Bəli. Səhvim hələ də beynimdə fırlanır. Sadəcə, oturub həmin epizoda bir daha baxaraq təhlil edəcəyəm. Belə bir xasiyyətim də var ki, səhvimdən qol buraxdıqda bunun təsiri bir müddət qalır. Bunları aradan qaldırmaq lazımdır. 

- Karyeranda bundan başqa buraxdığın kuryoz qol olub?

- Xeyr. Bu qol mənim üçün yaxşı bir təcrübə oldu.

- Səncə, bu, mövsümün qolu ola bilər?

- Ən yaxşı qollardan biri ola bilər. Amma birinci olacağını deyə bilmərəm. Bəlkə bundan yaxşıları da olacaq. Amma düşünüərm ki, ilk "10-luğ"a düşəcək.