Kərim Diniyev fantastik qolundan danışdı: "Bunun mövsümün qolu olacağı haqda danışmaq tezdi"

"Kəpəz”in futbolçusu Kərim Diniyev Topaz Premyer Liqasının IV turunun açılış matçında "İnter”ə 2:3 hesabı ilə məğlub oolduqları qarşılaşmadan sonra müsahibə verib. 

- Öncə oyun barədə fikirlərinizi bildirərdin...
- Matça pis başladıq. Gözləmədiyimiz halda, ilk yarım saatdan sonra hesabda 0:3 geri düşdük. Standart vəziyyətlərdən sadə qollar buraxdıq. Ancaq bundan sonra toparlanmağı bacardıq və 2 qol vurduq. İkinci hissədə teçpi artırmalı idik, amma bunu bacarmadıq. Qarşılaşmada geridönüş edə bilmədik. 

- Məğlub olsanız da, 65 metrdən gözəl qol vurdun...
- Oyun başlayandan fikir verirdim ki, rəqib qapıçı Orxan Sadıqlı çox irəli çıxır. Ona görə də uzadan zərbə endirmək üçün fürsət axtarırdım. Vurdum, qol oldu.

- Bu qol sizə əlavə motivasiya verdimi?
- Futbolda belə qollar tez-tez olmur. Qəbul etmək lazımdır ki, hər oyun bu qədər uzaqdan top vursam, qapıya girməz. İldə bir dəfə olan qoldur. Niyyətim qapıya düşmək idi. Çünki Orxanın tez-tez qabağa çıxdığını görürdüm. Həmin anı gözləyirdim. 

- Bildiyim qədər məşqlərdə də bu cür zərbələr vurursan...
- Pis çıxmasın, normal zərbəm var. Çalışıram vuram. Bu gün qol alındı.

- Məşqlər zamanı öz qapıçınıza belə qol vurmusunuz?
- Bu məsafədən yox. 

- Bütün standart vəziyyətlərdə qapıya zərbə endirirdin. Bu, "İnter"in qapıçısın boyunun balaca olması ilə əlaqədardır?
- Komandaya fayda verəcək zərbə vurmağa çalışırdım. 

- Bu, mövsümün qolu ola bilər?
- Hələlik bu haqda danışmaq tezdi. Ona görə ki, qarşıda 24 tur var.