Qadın boksçumuz "bürünc" qazandı

Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Polşada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
 
Əlimərdanova XII dəfə təşkil olunan ənənəvi yarışda 54 kq çəki dərəcəsində çıxış edib. O, uelsli Çloe Toması və qazaxıstanlı Dina Jolomana qalib gələrək, yarımfinala yüksəlsə də, finala gedən yolda qarşısını Çin Taypeyindən olan Yu Tinq Lin kəsib. Rəqibinə məğlub olan Əlimərdanova turniri bürünc medalla bitirib.
 
Qeyd edək ki, 19 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan yığması 2 boksçu ilə təmsil olunub. Anna Əlimərdanovadan fərqli olaraq, Yana Alekseyevna (60 kq) 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.