UEFA reytinqində mövqeyimiz dəyişməz qaldı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ötən gecə keçirilən oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.

Ötən gün Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi - "Qarabağ" növbəti oyununu keçirdi. ÇL-in qrup mərhələsində tarixi oyuna çıxan təmsilçimiz debütdə İngiltərə çempionu “Çelsi”nin qonağı oldu və 0:6 hesabıyla məğlub oldu.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 18.625 reytinq xalı var. Onun 3.875 xalı (2.125 "Qarabağ", 0.750 "İnter", 0.625 "Zirə", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb. Bizdən öndə qərarlaşan Rumıniyanın 18.650 reytinq xalı var və 1 təmsilçisi mübarizəni davam etdirir. Azərbaycanı 17.625 xala malik Şotlandiya izləyir. Bu ölkənin də cəmi 1 təmsilçisi yoluna davam edir.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.