Samir Ələkbərov yeni təyinatından danışdı: "Çalışacam ki, işimdə tənqid olmasın"

Yaşar Vahabzadənin istefasından sonra 21 yaşlılardan ibarət millimizin boş qalan baş məşqçi postuna təyinat rəsmiləşib. Bundan sonra yığmanı müvəqqəti olaraq Samir Ələkbərov çalışdıracaq.

Bir neçə dəqiqə əvvəl bu vəzifəyə təyinat alan Ələkbərov öz fikirlərini bildirib: “10 dəqiqə əvvəl təyinatım rəsmiləşdi. Həyəcanlıyam, nə deyəcəyimi bilmirəm. Çalışacam ki, işimdə tənqid olmasın. Komanda ilə hələ bir yerdə olmamışam. 34-35 futbolçu var, onlarla görüşəndən sonra nəsə deyə bilərəm. Özünü yaxşı tərəfdən göstərə bilməyənlər millidən kənarlaşdırılacaq”.

Son vaxtlar u-21 yığmamızla bağlı ən çox gündəmdə olan məsələ legioner futbolçuların çoxluğudu. Maraqlıdı, Ələkbərov da sələfi kimi yığmaya fayda verməyən bu futbolçulara üstünlük verəcəkmi? “Qarşıdakı günlərdə məşqçilər şurası ilə görüşüb, onların da fikirlərini öyrənəcəyik. Çalışacağıq ki, yerli futbolçulara üstünlük verək”.

Qeyd edək ki, Ələkbərova bu postda Aslan Kərimov və Cahangir Həsənzadə kömək edəcək.

 Xatırladaq ki, Samir Ələkbərovun bu posta təyin olunacağını ilk dəfə futbol11.az yazmışdı.